İndi efirlər psixoloqlara daha geniş meydan verməlidir - Travmalar... 

“Çətin vəziyyətlərdən hərə bir cür çıxacaq. Aqressiya, depressiya, fobiya, xroniki və somatik depressiya yarana bilər”

“Ən güvənsiz təbəqə ilə işləməliyik ki, ağır durumdan az  itki ilə çıxsınlar”



Koronavirusla mübarizə tədbirləri çərçivəsində əhalidən xüsusi karantin qaydalarına əməl olunması tələb edilir. Birinci növbədə bu, təhlükəsizlik və virusa yoluxma riskini azaltmaq üçündür. Bunu da vurğulamalıyıq ki, Azərbaycan ictimaiyyəti hökumətin çağırışlarına əməl edir. Lakin bunun psixoloji baxımdan heç də asan olmadığı da qeyd edilməlidir. Əhali arasında “evdəqal”a riayət etməkdə ruhi-psixoloji cəhətdən hazırlıqsızların olması da nəzərdən qaçırılmamalıdır.

Belə insanlara, ümumiyyətlə hazırkı çətin günlərdə gününün əksər hissəsini evdə keçirən insanlara mənəvi dəstək mütləq lazımdır. Amma son günlər yerli teleyayımçılar  2011-ci ildə ekranlaşdırılmış “Yoluxma” filmini nümayiş etdirməkdə, sanki, bəhsə girişib. Stiven Soderberqin bu filmi Çindəki hansısa virus epidemiyasından bəhs edir, virusa yluxmuş qadın vəfat edir, başqaları da yoluxur və sair. Belə ağır məzmunlu bir filmin indiki çətin günlərdə nümayişi insanlara mənəvi dəstəkdən çox zərbə vura bilər. 

Ekspertlər hesab edir ki, karantin günlərində daha çox şən məzmunlu, ümidverici proqram və filmlər nümayiş olunmalıdır.  Koronavirus statistikası, karantin tədbirləri ilə bağlı süjetlər də amiranə tonda, qınayıcı tərzdə deyil,  sakit və maaifləndirici formada verilməlidir. Bəzi ekspertlərsə bu günlərdə efirə həkimlərdən daha çox psixoloqların dəvət edilməsi,  məhz psixoloqların əhaliyə məsləhətlər verməli olduğu fikrindədir.  

Məsələ ilə bağlı psixoloq  Fərqanə Mehmanqızının fikirlərini öyrəndik: 

- Karantin günlərində bəzi insanların strees, həyəcan keçirə biləcəyi, diskomfort yaşayacağı istisna deyil. İnsanların psixologiyası fərqlidir. Əlbəttə, çətindir, alışdığın həyat tərzini müvəqqəti dəyişmək. Bəli, bu gün efirdə virusla bağlı məlumatlar çoxdur, bu haqda çox danışılır. Əslində, bu, normaldır. İnsanların təhlükənin nə dərcədə real olduğunu bilməsi və qorunması üçün bu, lazımdır. Ən böyük təhlükə daşıyan virusa inanmayanlar, onu ciddiyə almayanlardır. Belə insanlar virusa yoluxmanın qarşısının alınmasına əngəl ola bilər. Ona görə də virusla bağlı məlumatlar həyəcan diliylə deyilir. Və bu, doğrudur. Bu, əslində insanları karantin qaydalarına, gigiyenik qaydalara əməl etməyə gətirib çıxarmalıdır. Əlbəttə, həssas təbəqəyə mənsub insanlar var. Hansı ki, psixoloji sarsıntı keçirə bilər. Belə həssas durumlarda psixoloji travmalar ola bilər. Çətin vəziyyətlərdən hərə bir cür çıxacaq. Aqressiya, depressiya, müxtəlif fobiyalar, xroniki depressiya, somatik depressiya... müxtəlif  pozuntular baş verə bilər. Biz bunun qarşısını almağa çalışmalıyıq. Ən güvənsiz təbəqə ilə işləməliyik ki, ağır durumdan az  itki ilə çıxsınlar. 
  
F.Mehmanqızı qeyd etdi ki, bu günlərdə dəvət olunduğu televiziya proqramlarında məhz bu barədə danışır: 

- Təbii ki, motivasiya proqramı üzrə  verilişlər də olmalı, necə deyərlər, sağ qalmağın texnikaları barədə danışmalıdırlar. Mən çalışıram verilişlərdə bunu qeyd edim. Amma çox təəssüf ki, bu gün psixoloqlar adətən məsləhət verir,  texnika vermir, bəziləri, düzdür, mənim verdiyim texnikadan sonra eyni texnikanı təkrarlayır.  Mən məyus oluram ki,  bu gün psixoloqlar birlik olub heç nə etmədi. Biz psixoloqlar bu gün əlimizdən gəldiyi qədər, təhlükə altında olsa da, əhalimizə maksimum yardım etməli, xalqın yanında olmalıyıq.  Bu günlərdə maarifləndirmək, karantin qaydalarına əməl olunmasına çağırışlar edilməklə yanaşı, insanları sakitləşdirəcək, gələcəyə inamı artıracaq, pozitiv enerji yüklü proqramlar və filmlər efirə verilməsi daha yaxşı olar. İnsanları depressiyaya salmayacaq, əksinə depressiyadan çıxaracaq filmlər, həyata bağlayan hekayələr verilməlidir.