Deputat: “Dövlət önləyici tədbirlər gördü, gərək insanlar da...” 

Tahir Kərimli: “...Üzərinə düşən öhdəliyi yerini yetirsin, məsuliyyətini dərk etsin” 

“Hamı hökumətin tələblərini icra etməlidir”


“Milli Məclisin deputatları 2 dəfə testdən keçib”. 

Bu barədə “Sherg.az”a açıqlamasında millət vəkili Tahir Kərimli deyib. 

Deputat bildirib ki, hamı üzərinə düşən öhdəliyi yerini yetirməli, məsuliyyətini dərk etməlidir: 

“Azərbaycan açıq dövlətdir. Bəzən deyirlər ki, niyə Tacikistanda, Türkmənistanda bu qədər yoluxan yoxdur və s. Nəzərə alaq ki, bizim ölkənin hər coğrafi istiqamətdən kommunikasiya və nəqliyyat xəttləri var. Ölkəmiz bir çox mühüm regional layihələrin əsas iştirakçısıdır. Ona görə də Azərbaycanda pandemiyanın yayılması imkanları, yəni bu risk daha yüksək idi. Buna baxmayaraq, hökumətimiz vaxtında addım ataraq, cənubdan və daha sonra şimaldan sərhədləri bağladı. Qısa müddət ərzində ölkəyə bütün zəruri avadanlıqlar, tibbi ləvazimatlar gətirildi. Əslində, indiki vaxtda bu qədər avadanlığı ölkəyə gətizdirmək mümkünsüz idi. Lakin cənab Prezident öz şəxsi nüfuzundan istifadə edərək, pandemiya Azərbaycanda yenicə başlamışkən yüzlərlə nəfəs aparatını ölkəyə gətizdirdi. Almaniya və Türkiyədən xeyli tibbi avadanlıqlar alındı. Yəni dövlət önləyici tədbirlər gördü”.

T.Kərimliyə görə, virusun süni yaradıldığının, qəsdən ortaya atıldığının və s. mülahizələrin heç bir dəxli yoxdur: 

“Məsələ ondadır ki, virus artıq yayılıb və ciddi təhlükə mənbəyidir. Hamımız bu təhlükəyə qarşı vahid şəkildə mübarizə aparmalıyıq. Azərbaycan tərəfi buna qarşı çox effektli mübarizəsini aparır. Düzdür, kütləvi test imkanlarımız yoxdur. Ancaq şübhəli məqamlarda və daimi işə gedib-gələn şəxslərlə bağlı bu məsələ daim diqqət mərkəzində saxlanmalıdır. Eyni zamanda kiminsə narahatlığı varsa, özü testlə bağlı müraciət edirsə, o zaman test tətbiq olunur. O səbəbdən indiki vaxtda suyu bulandırmaq, hadisələri şişirdərək tirajlamaq mənasızdır. Bunlara qətiyyən ehtiyac yoxdur. Yaxşı insanlar hətta pis bir şeyin içində yaxşını axtarırlar. Xüsusən, çətin dövrdə nəsə nöqsan axtarmaq yaxşı hal deyil. İndiyə qədər heç bir virus bu qədər sürətlə yayılmayıb. Nəzərə alaq ki, burada söhbət pandemiyadan gedir. Pandemiyanı epidemiyadan fərqləndirən odur ki, bu, bəşəri xarakter daşıyır və bütün ölkələri əhatə edir”.

Parlamentari vurğulayıb ki, virusun təzə yayıldığı günlərdə xaricdən qayıdan bəzi vətəndaşlarımız qaydalara riayət etmədilər: 

“Onlar Azərbaycana daxil olandan sonra yoxlamadan boyun qaçırdılar və qaçıb gizləndilər. Nəticədə bu cür məsuliyyətsiz şəxslərin hərəkətindən dolayı ölkəmizdə virusa yoluxanların sayı artdı. Bir neçə həftədir Azərbaycan dövləti bütün zəruri addımları atır. İndiki vəziyyətimizə çox şükür etməliyik. Durum daha ciddi ola bilərdi. Hələki yoluxanların sayı iki rərəmlidir, bəs üçrəqəmli olsaydı, camaat nə danışacaqdı? Hamı bir nəfər kimi hökumətin tələblərini icra etməlidir. İnsanlar öz həyatları ilə oynamamalıdır. Nəzərə almalıdırlar ki, bir nəfərin yoluxması həm ailəsini, həm də yüzlərlə insanı yoluxdura bilər. Ən əsası isə sosial şəbəkədə panika yayan insanları müəyyən edərək cəzalandırmaq lazımdır”.