Azərbaycan hazırlıqlıdır: “Əhalinin sosial müdafiəsi gücləndirilir”

“Hökumət tərəfindən dövlət müəssisələrində və muzdla çalışan insanların sosial müdafiəsini təmin etmək üçün qərarlar verilir”


“Azərbaycan “Covid-19” virusu pandemiyasına qarşı hazırlıqlıdır”. 

Bunu “Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. 

Partiya funksioneri bəyan edib ki, ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatının bütün tələblərinə uyğun ciddi tədbirlər görür: 

“Bu çox təhlükəli virusdur və qarşısının alınması üçün ilk növbədə vətəndaşlar anlayış göstərməlidirlər. Hökumət tərəfindən dövlət müəssisələrində və muzdla çalışan insanların sosial müdafiəsini təmin etmək üçün qərarlar verilir. Şəxsən mən qanunla müəyyən olunmuş qaydada şəhərə çıxdım və görülən tədbirlərin nəticəsinin şahidi oldum. Lakin bəzi məsuliyyətsiz vətəndaşlar vəziyyəti ciddiyə almırlar. Belə davam edərsə, fövqəladə vəziyyətin elan olunması zəruri olacaq. Özəl şirkətlər də məsuliyyəti dərk etməlidir. Hələ də bir çox şirkətlər ofis işçilərini evə buraxmaq istəmir. İnformasiya texnologiyalarının imkanlarından yararlanaraq, işçilərə evdən çalışmaq imkanı vermək lazımdır”. 



Analitikin sözlərinə görə, “TEAM VIVER” proqramı imkan verir ki, işçi evdə oturaraq ofisdəki kompyuterini və onun bütün daxili yazışma proqramlarını idarə etsin: 

“Bu proqram vasitəsi ilə “OPENTEX”, “Outlook”, “PM”, “PS” və s. tipli daxili əmr və yazışmaları həyata keçirmək olar. Ona görə də bütün özəl şirkətlər bunu nəzərə almalıdır. Bununla da onlar həm özlərinin, həm də əhalinin virusa yoluxma şansını dəfələrlə azalda bilərlər. İnsan həyatından önəmli heç nə yoxdur. Bu ağır günlərdə özəl şirkət rəhbərləri bir neçə aylıq gəlirlərdən imtina etməli və ilk növbədə işçinin rifahını düşünməlidirlər. Sahibkar bir-iki ay işçisi səviyyəsində əmək haqqı alsa, dünya dağılmaz”.