Sabiq deputatdan dəstək:“Dövlətimiz qeydimizə bizdən yaxşı qalır” 

“Ölkəmiz önləyici tədbirləri vaxtında görməklə təhlükənin daha da böyüməsinin qarşısını almağı bacardı”

“Mövcud durumdan sui-istifadə edib xalqın sağlamlığını düşünməyənlər mütləq cəzalandırılmalıdır”



Prezident İlham Əliyev koronavirus təhlükəsi və görülən tədbirlərlə bağlı xalqa müraciət edib. Ölkə başçısı bildirib ki, bu gündən etibarən Azərbaycanda tibbi maska istehsalına başlanıb. Prezident həmçinin, yaranmış durumdan sui-istifadə edərək tibbi maskaların süni şəkildə bahalaşdırılmasına da toxunub:
“İndi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın. Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar”




Politoloq, keçmiş millət vəkili Sona Əliyeva “Sherg.az”a açıqlamasında bildirib ki, dövlətimiz qeydimizə bizdən daha yaxşı qalır:

“Vətəndaşlarımız başa düşməlidir ki, koronavirus pandemiyası dünyaya müharibə edib. Bu amansız virus əsasən yaşlı insanları hədəf alan bir düşməndir. Hətta immuniteti zəif olan orta yaşlı və gənclər də virusun qurbanı olurlar. Təhlükə hər an qapıdadır. İtaliya, İspaniya, Amerika Birləşmiş Ştatları kimi səhiyyəsi inkişaf etmiş ölkələr belə bu pandemiya ilə bacara bilmirlər. Ona görə də hər bir vətəndaş karantin rejiminə ciddi əməl etməli, evdən bayıra çıxmamalıdır. Bir nəfərin yoluxması çevrəsindəki, təmasda olduğu bütün insanları, doğmalarını da bu bəlaya sürükləyə bilər”.

S.Əliyeva bildirib ki, koronavirusla mübarizədə ölkəmiz önləyici tədbirləri vaxtında görməklə təhlükənin daha da böyüməsinin qarşısını almağı bacardı:

“Ümumiyyətlə, ölkə başçısının apardığı islahatları dəstəkləyirəm. Düşünürəm ki, pandemiyanın  qabağını almaqda qabaqcıl və önləyici tədbirlər görülür. Prezidentin sui-istifadə halları ilə bağlı etdiyi çağırışlar da yerindədir. Mövcud durumdan sui-istifadə edib xalqın sağlamlığını düşünməyənlər mütləq cəzalandırılmalıdır”.