“Bizdə epidemiyanın pik nöqtəsidir, yavaş-yavaş sönməyə doğru gedəcək” - Tibb xidməti polkovniki

 Müharibənin od-alovundan keçmiş cərrah “Şərq”ə  açıqlamasında faydalı məsləhətlər verdi 

Koronavirusla mübarizə apardığımız  bu ağır günlərdə  peşəkarların məsləhətinə böyük ehtiyac var.  Əfqanıstan və Qarabağ müharibəsinində əsgər və zabitlərin sağlamlığının keşiyində dayanmış, müharibənin od-alovundan keçmiş cərrah, tibb xidməti polkovniki Sadiq Qulamov  “Şərq”ə  koronavirus təhlükəsi, ondan necə qorunmalı olduğumuz haqda danışdı və faydalı məsləhətlər verdi:  

- Bu tip viruslar qabaqlar da mövcud olub, lakin bu virus qabaqkılardan fərqli şəkildədir və daha çox ağırlaşmalara səbəb olur. Xüsusən də  ağciyərləri  zədələyərək neəfəsalmanı çətinləşdirir və  xəstə  boğularaq həyatını itirir.Virus insandan insana əsasən hava-damcı və  kontakt yolu ilə keçir. Xəstə  adamla təmasda olduqda onun nəfəsindən və  yaxud  asqıranda tüpürcək vasitəsilə sağlam adama keçir. Həmçinin sağlam adam xəstə ilə  birbaşa təmasda olmadıqda da yoluxa bilər, məsələn, xəstənin əşyalarından,  digər predmetlərə əli ilə toxunandan sonra barmaqlarını ağzına salarsa yoluxa bilər və s. Xəstəlik bəzən simptomsuz keçir, insan özündə  heç bir xəstəlik  əlamətləri hiss etmir, lakin ətrafdakılar üçün çox təhlükəlidir. Uşaqlarda çox vaxt simptomsuz olur. Xəstəlik özünü müxtəlif  cür büruzə verir; hərarətin yüksəlməsi, quru öskürək, gözlərdə və  boğazda göynəmə, beldə, oynaqlarda, əzələlərdə ağrı, təngənəfəslik kimi əlamətlərə daha çox rast gəlinir.Yüngül, orta və  ağır dərəcəli olur. İmmuniteti möhkəm olanlar yüngül keçirirlər. Yaşlı insanlar, ürək-damar  xəstəliyi, şəkərli diabet, qaraciyər, xroniki böyrək çatışmazlığı, ağciyər xəstəliyindən  əziyyət çəkənlər bu xəstəliyi daha ağır keçirir. Ölənlərin əksəriyyəti də onlara aiddir. 

- Xəstəlikdən qorunmaq üçün xüsusi bir məsləhətiniz  varmı? 

- Hər şeydən əvvəl karantin rejiminə ciddi riayət etmək, şəxsi və kollektiv gigiyena qaydalarını gözləmək mütləqdir. Evdə havanı tez-tez dəyişmək və üzərlik  yandırmaq lazımdır. Əlləri və üzü sabunla yumaq. İbn Sina yazır ki, üzərlik min bir dərdin dərmanıdır, onun dənələrini qaynadıb çay kimi içmək də olar. Zəncəfili,  azca, gündə  4-5 defə çeynəmək, sarıkökü  bıçağın ucunda bir stəkan suya qarışdırıb içmək, azca çay sodası bir stəkan suya qarışdırıb içmək olar. Ən başlıcası isə panikaya düşmək olmaz. Xəstəliyin əlamətləri varsa, hökmən təcili yardıma zəng etmək! 

- Doktor, pandemiyanın bitəcəyi vaxtla bağlı müxtəlif fikirlər səslənir...

- Bilin ki, hər bir epidemiyanın başlanğıcı, pik nöqtəsi və sonu olur. Bizdə, məncə  hazırda pikdir, yavaş-yavaş sönməyə doğru gedəcək. Havalar istiləşəndən sonra hər şey yaddan çıxacaq,  İnşAllah! Hamınıza can sağlığı arzu edirəm!