Zəruri TƏKLİF:“Mallara yuxarı qiymət həddi qoyulsun!

“Kimsə müəyyən olunmuş qiymətdən yuxarı satış icra edərsə, o halda dövlət orqanları dərhal ona müdaxilə etməlidir”



Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində süni qiymət artımına yol verənlərə qarşı növbəti dəfə sərt xəbardarlıq edib. Dövlət başçısı bildirib ki, bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər: “İndi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın. Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar”. Ölkə rəhbəri açıqca bəyan edib ki, əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq: “Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək”.



Dövlət başçısının sərt xəbərdarlığını “Sherg.az” dəyərləndirən Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynov deyib ki, bir neçə rayondan quruma süni qiymət artımları ilə bağlı şikayətlər qəbul olub. 
Ekspertin sözlərinə görə, bəzi rayonlarda sakinlər un və makaron qıtlığından, qiymətin çox baha olmasından şikayət edirlər: 

“Şükür Allaha Bakıda ciddi problem yoxdur. Daha çox rayonlarda bahalaşma müəyyən olunur. Qiymətləri qalxan məhsullar əsasən zəncəfil və sarımsaqdır. Bu məhsulların qiymətinin bahalaşması bəzi media orqanlarının əsassız olaraq zəncəfil və sarımsağın guya virusa qarşı xeyirli olmasını tirajlaması ilə bağlıdır. Məsələ ondadır ki, bazarlar tələb və təklif əsasında formalaşır. Tələb artan kimi qiymətlər də qalxır və keyfiyyətsiz mallar meydana çıxır. Azad bazar iqtisadiyyatı şəraitində dövlət orqanlarının qiymətlərə müdaxilə etməsi mümkün olmur. Bu, liberal bazarın qanunudur. Amma bundan sui-istifadə edənlər var. Təklif edirəm ki, indiki şəraitdə Nazirlər Kabineti mütləq qərar qəbul etsin. Bir sıra malların yuxarı qiymət həddi müəyyən olunmalıdır. Əgər kimsə müəyyən olunmuş qiymətdən yuxarı satış icra edərsə, o halda dövlət orqanları dərhal ona müdaxilə etməlidir. Cənab Prezident dəfələrlə süni qiymət artımına diqqət çəkib və bəyan edib ki, ölkədə şişirdilmiş qiymətlər var. Lakin bu işlə məşğul olan müvafiq dövlət orqanları heç bir rasional iş görmür. Süni qiymət artımı eyni zamanda istehlakçı hüquqlarının pozulması deməkdir. Qiymətlərin baha olması ilk növbədə istehlakçıların həyat səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır”. 

Birlik rəhbəri maskalarla bağlı məsələnin də çox mühüm olduğunu vurğulayıb və öz təkliflərini irəli sürüb: 

“Hazırda bəlli səbəbdən maskalara tələbat artıb. Bu baxımdan hökumət çox düzgün qərar qəbul edərək yerli istehsalı stimullaşdırdı. Düşünürəm ki, bugünlərdə əhalinin maska problemi öz həllini tapacaq. Lakin burada bir məqama diqqət yetirmək vacibdir. Son günlər evlərində qeyri-steril məhsullardan maska düzəldənlər peyda olub. Hətta bunun satışını həyata keçirənlər də var. Buna qəti şəkildə son qoyulmalıdır. Evdə tikilən maskarın əhaliyə paylanmasına yol vermək olmaz. Çünki indiki halda cəmiyyətə milyonlarla təhlükəli və ziyanlı maska daxil ola bilər. Bu da insanlara ciddi problemlər yaradar. Ona görə də təklif etmişəm ki, yerli maska istehsalçısı məhsulun üzərində xüsusi işarə qoysun. Hamı da bilsin ki, həmin maska yerlidir və fabrik istehsalıdır. Üstünlük də məhz bu cür maskalara verilməlidir”.