Jurnalistlər virusla mübarizənin ön cəbhəsindədir: Bəzi qəzetlər oxucularına qovuşdu


 Koronavirus pandemiyası insanların sağlamlığını təhdid etməklə yanaşı, həm də informasiyaya tələbatı artırır. Oxucular xüsusilə xaricdə yaşayan həmvətənlərimizin konkret ölkədəki vəziyyətlə bağlı fikirlərinə, həkim məsləhətlərinə ehtiyac duyurlar.



Belə bir şəraitdə fədəkar polislərimiz, həkimlərimiz kimi, jurnalistlər də ön cəbhədə mübarizə aparır, öz peşəkarlıqlar ilə dezinformasiyaların yayılmasının qarşısını almağa çalışırlar. 
 Qəzetlər bir neçə həftəlik fəaliyyətini dayandırsa da, artıq onlardan bir çoxu sadiq oxucuları yenidən görüşə başlayıb. Amma köşklərin hələ də bağlı qalması, mətbuat yayım şirkətlərindən bəzilərinin işləməməsi redaksiyalar üçün çətinlik yaradır. Bəs belə bir çətin vəziyyətdə baş redaktorlar necə hərəkət edəcək? Bu suala cavab tapmaq üçün media kapitanlarının fikirlərini öyrəndik.

“Abunəçilərimiz qəzetsiz, xəbərsiz qalmalı deyillər ki...”
Aqil Abbas, “Ədalət” qəzetinin baş redaktoru:

“Abunəçilərimiz qəzetsiz, xəbərsiz qalmalı deyillər ki... Qəzetin ümumi tirajının təxminən 2 minə yaxını abunədir. Bu səbəbdən müvəqqəti olaraq tirajı aşağı salıb, əsas diqqətimizi abunə məsələsinə yönəldəcəyik.Yəqin ki, vəziyyət düzələndən sonra yenidən əvvəlki tirajla fəaliyətimizi davam etdirəcəyik”. 

“Hələlik qəzeti müəyyən qədər az tirajla çıxaracağıq
Rəşad Məcid, “525-ci qəzet”in baş redaktoru:

“Əlbəttə, belə şəraitdə qəzet çıxarmaq təəssüflüdür. Amma abunəçiləri unutmaq olmaz. Hələlik qəzeti müəyyən qədər az tirajla çıxaracağıq. Ümid edirəm ki, karantin müddəti bitdikdən sonra əvəlki fəaliyyətimizi bərpa edə biləcəyik”.

“Marketlər qəzet satışına kömək etməlidirlər”
Elçin Mirzəbəyli, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru:

“Onlayn resurslarımız bayramda, sonrakı dövrdə də fəaliyyətini fasiləsiz davam etdirib. Dünəndən etibarən qəzetin çap versiyasını bərpa etmişik. Yayım şikətlərinin bəzisi çalışır, bəzisi isə yox. Hər halda abunələrimizin çatdırılması ilə bağlı heç bir problem yoxdur. Qəzet köşklərinin vəziyyəti isə onsuz da yaxşı deyildi. Son on ildə köşklərin sayı minimuma endirilib. İnanmıram ki, köşklərin fəaliyyəti karantin dövründə bərpa edilsin. Çünki bu obyektlərdə təkcə qəzet yox, hər şey satırlar. Məncə, marketlər qəzet satışına kömək etməlidirlər. Bu, yayım probleminin aradan qalxmasına ciddi təsir göstərə bilər”.

“Gələcəyə ümidlə baxaq”
Vüqar Rəhimzadə, “İki sahil”qəzetinin baş redaktoru:

“Biz də artıq fəaliyyətimizi bərpa etmişik. Düşünürəm ki, ciddi problem olmayacaq. Hər halda gələcəyə ümidlə baxaq”.