“Prezident hər bir vətəndaşın yanındadır və onun qayğısına qalır”

 “Hər birimizin vətəndaşlıq borcu budur ki, qanunlarımıza hörmətlə yanaşaq və tələblərə əməl edək”


“Prezident İlham Əliyevin koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri sırasında yaşı 65-dən yuxarı  olan vətəndaşlarımızın sağlamlığının təminatını prioritet məsələ kimi öndə saxlaması böyüklərimizə diqqət və hörmətin bariz nümunəsidir”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP)Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə  dövlət başçısının növbəti əfv Sərəncamı ilə bağlı “Sherg.az”a açıqlamasında bildirib.
Baş redaktor bildirib ki, cənab Prezident tərəfindən humanizm və insanpərvərlik istiqamətində atılan bütün addımlar Azərbaycanda  vətəndaş amilinin dövlət siyasətinin əsasında dayandığını, daim onların  təhlükəsiz, sağlam, əmin-amanlıq şəraitində yaşamasının prioritetliyini bir daha təsdiqləyir:



“Cənab Prezidentin “Məhkum edilmiş  bir sıra şəxslərin  əfv olunması haqqında” Sərəncamına uyğun olaraq  yaşı 65-dən  yuxarı olan 176 nəfərin cəzasının çəkilməmiş hissəsindən azad edilməsi də bu diqqətin tərkib hissəsi, dövlətimizin humanizm siyasətinin növbəti təzahürüdür. Ölkə başçısının vətəndaşları koronavirus pandemiyasından  etibarlı müdafiəsini təşkil etmək istiqamətində  atdığı addımlar təqdir olunur, insan hüquq və azadlıqlarının qorunmasının, onların yüksək rifahının təmin edilməsinin prioritetliyini bir daha təsdiq edir. Bu çağırışlar artıq günümüzün əsas tələbləri sırasındadır. Özümüzü, böyüklərimiz qoruyaq, əzizlərimizə dəstək olaq. Dövlətimizin başçısı İlham Əliyevin məlum əfv Sərəncamının  sevincini yaşayan  əfv olunan şəxslər  bu humanist aktdan düzgün nəticə çıxarmalı,  Azərbaycan dövlətinin qanunlarına dönmədən əməl etməlidirlər. Dövlət öz vətəndaşlarının bütün hüquq və azadlıqlarını  qoruyur, təmin edir. Hər birimizin vətəndaşlıq borcu budur ki, cəmiyyətin idarə olunmasında əhəmiyyətli rol oynayan qanunlarımıza hörmətlə yanaşaq,  onların tələblərinə dönmədən əməl edək.

Baş redaktor bildirib ki, bu günümüz üçün əsas vəzifəmiz koronovirus pandemiyasına qarşı mübarizə tədbirlərinin müsbət nəticəsini verməsinə dəstəyimizi  göstərməkdir:

“Yaşı 65-dən çox olan tənha şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmətlər göstərilir. Onların gündəlik tələbatlarının ödənilməsi  ilə bağlı zəruri ərzaq və avadanlıqlar, dərman vasitələrinin alınması, müxtəlif ödənişlərin edilməsi və sair kimi məsələlər dəstəklə təmin olunur. Dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqa müraciətlərində daha çox diqqət yönəldilən  məsələ məhz böyüklərimizin qayğısına qalmaq, onlara hörmətlə yanaşmaqdır”.

V.Rəhimzadə sənədin icrasının başa çatdığını önə çəkərək bildirib ki, cənab Prezident atdığı addımları ilə hər bir vətəndaşının yanında olduğunu, onların qayğısına qaldığını bir daha təsdiq etdi:

“Prezident İlham Əliyevin humanist addımları səhv etmiş insanlara həyatda yeni şansın verilməsinə, onların həyatın, azadlığın dəyərini dərk etmələrinə,  səhvlərindən nəticə çıxarıb düzgün yola qayıtmalarına böyük dəstəkdir.  Mərhəmətlilik, xeyirxahlıq, bağışlamaq kimi prinsipləri həyata keçirdiyi siyasətin önündə saxlayan Azərbaycan dövlətinin bu addımları, eyni zamanda,  demokratik dəyərlərə sadiqliyin  nümunəsi kimi də qiymətlidir”.