Nazir: “Vətəndaşların sosial ödənişlərində problem olmayacaq"


"2019-cu ilin yekunlarına əsasən, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artması, xərclərinin optimallaşdırılması, saxta pensiya və əlillik işlərinin ləğvi nəticəsində 200 milyon manatlıq ehtiyat yaranmışdı. Həmin ehtiyat bu il sosial ödənişlərin dayanaqlılığına yönəldiləcək”.

APA xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, aprel və may aylarında sosial sığorta haqlarının yığımında müəyyən azalmaların olacağını gözlənilir: “Bu, obyektiv səbəblərdən irəli gəlir. Bu azalmalar bizim 2019-cu ildə yığılmış “ehtiyat yastığı" vasitəsilə kompensasiya olunacaq. Vətəndaşların sosial ödənişlərində hər hansı çətinlik və ya problem olmayacaq".

S. Babayev qeyd edib ki, mart ayında 2 milyon 300 mindən çox insanın sosialyönümlü ödənişləri Dövlət Sosial Müdafiəsi Fondunun vəsaitləri hesabına vaxtından əvvəl icra olunub.

"Hesab edirəm ki, aprel ayında da belə olacaq. Artıq qrafik elan olunub və sabahdan etibarən ödənişlərə başlanılacaq", - deyə nazir əlavə edib.