“Dövlətin müəyyən etdiyi qaydalara əməl etmək lazımdır” – Başqa çarə yoxdur !

 
“İnsanlarımız koronavirusun ciddi təhlükə olduğunu artıq qəbul etməli və özlərini ətraf aləmdən təcrid etməlidirlər” 


Azərbaycanda koronavirusa yoluxanların sayı getdikcə çoxalır.  İlk günlərdə bir rəqəmli olan artım, sonrakı günlərdə iki rəqəmliyə keçib.
Həkim- infeksionist Vasif Əliyevin “Sherg.az”a dediyinə görə ölkəmizdə virusun bu qədər sürətlə yayılması və yoluxma faktlarının artması  birmənalı olaraq əhalinin karantin qaydalarına riayət etməməsi ilə bağlıdır: 
“ Koronavirusa qarşı mübarizə istiqamətində Azərbaycanda yetərli qədər qabaqlayıcı tədbirlər görülüb. Lakin bütün bu qaydalara və xüsusi karantin rejiminə rəğmən virusa yoluxanların sayında müşahidə edilən artımın səbəbi insanların karantin qaydalarına riayət etməməsidir.  Həm də ki bu rejimin tətbiqində məqsəd Azərbaycanda koronavirusa  yoluxmanın sürətini minimuma endirmək idi. Yoluxmanın və müəyyən artımın qarşını almaq mümkün deyil. Hesab edirəm ki, insanlarımız koronavirus infeksiyasının ciddi bir təhlükə olduğunu artıq qəbul etməli və özlərini ətraf aləmdən təcrid etməlidirlər. 
Əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət tərəfindən müəyyən olunan  qaydalara tam əməl etmək lazımdır”. 
Qeyd edək ki, Azərbaycanda indiyə qədər 717 yoluxma faktı qeydə alınıb, xəstələrdən 44 nəfəri sağalıb, 8 -i vəfat edib, 665 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Bu digər ölkələrlə müqayisədə böyük rəqəm olmasa da, ciddi artımdır.