Maska, məhlullar və ərzağın qiymətində süni bahalaşma... - Cəza labüddür

“İndiki durumda kiminsə möhtəkirlik etməsi yolverilməzdir. Günahkarlar öz cəzalarını alacaqlar”



Prezident İlham Əliyev koronavirus epidemiyası ilə bağlı Azərbaycan xalqına müraciət edib. Ölkə başçısı müraciətində bu gündən ölkəmizdə tibbi maska istehsalının başladığını qeyd edib:

“Bu, çox əlamətdar hadisədir. Çünki indi dünyanın bir çox ölkələrində tibbi maska çatışmazlığı var, o cümlədən Azərbaycanda və biz bu sahədə daim idxaldan asılı idik. Amma indiki şəraiti nəzərə alaraq qısa müddətdə, cəmi iki həftə ərzində yerli istehsal təşkil edildi”.

Ölkə başçısı süni qiymət artımı məsələsinə də toxunub:

“İndi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın. Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar”.



Ölkə başçısının müraciətini “Sherg.az”a dəyərləndirən “SƏS” qəzetinin baş redaktoru, ekspert  Bəhruz Quliyev bildirib ki, Azərbaycanda koronavirusla bağlı mübarizə tədbirləri digər dövlətlərdən fərqlidir. Ölkəmiz bu problemin qarşısını almaq məqsədi ilə aparılan mübarizədən az itki ilə çıxmaq üçün tam və kompleks siyasət həyata keçirir. B.Quliyev qeyd edib ki, cənab Prezidentin xalqa müraciəti zamanı toxunduğu bütün məqamlar təqdirəlayiqdir:

“Virusun lokallaşması istiqamətində atılan izolyasiya tədbirləri, ciddi karantin rejimi, insanların gigiyenik qaydalara əməl etməsi üçün daim tövsiyələr verilir. Eyni zamanda dövlət sərt tədbirlər də görür. Məlumdur ki, dövlətimiz olduqca humanistdir və Azərbaycan vətəndaşı dövlətimizin ən dəyərli sərvətidir. Azərbaycan öz sərvətini qorumaq üçün bütün məsələləri gözə alıb. 

Cənab Prezident pandemiya ilə bağlı çıxışında qeyd etdi ki, koronavirus bütün dövlətlərə iqtisadi cəhətdən ciddi təsir göstərib. Postpandemiya dövründə bu özünü daha qabarıq şəkildə göstərəcək. Virus problemi həll olunduqdan sonra həyatın adi qaydada davam etməsi çətindir. Məlumdur ki, postpandemiya dövrü daha ciddi tədbirlər görməyi tələb edir. Bütün dövlətlər bu barədə düşünməkdədir. Bizdə isə  indidən bu proses başlayıb. Dövlət vətəndaşlarımızın bu böhrandan az zərərlə çıxması üçün işlər görür”.

Koronavirusla mübarizə ərəfəsində möhtəkirliklə məşğul olanlara gəldikdə analitik qeyd edib ki, belə şəxslər mövcud durumdan sui- istifadə etdikləri üçün mütləq cəzalanmalıdırlar:

“Cənab Prezident də qeyd edib ki, bəzi hallarda maskaların azlığı bir çox apteklərdə onların altdan satılmasına imkan yaradıb. Bəli, bütün bunlar araşdırılır və sözsüz ki, günahkarlar cəzalandırılacaqlar. Belə vəziyyətlərdən sui-istifadə edənlər həmişə olub. Bu cür şəxslər başlı-başına buraxılmayıb. Dövlət öz vətəndaşını nə qədər sevib qayğı göstərir və humanistlik edirsə, sosial problemlərinin həlli istiqamətində addımlar atırsa, möhtəkirlərə və saxtakarlara qarşı da bir o qədər sərt tədbirlər görür. Çünki mövcud durumu diqqətdə saxlamaq və qiymətləndirib acı nəticələr əldə etməmək üçün addımların atılması vacibdir”.

B.Quliyevin sözlərinə görə, yalnız maskalarla bağlı deyil, həmçinin dezinfeksiya işləri üçün istifadə olunan maddələrlə əlaqədar neqativ hallar baş verir:
“Həmçinin ərzaq məhsullarının da süni bahalaşmasını həyata keçirirlər. Belə şəxslərin cəzalanması labüddür. Çünki mövcud durum insanların biri-birinə diqqətini artırmalı, vətəndaşların dövlətin yanında olub həmrəylik nümayiş etdirməsini zəruri edir. Eyni zamanda dövlət və cəmiyyət arasında olan sağlam münasibətlərin göstəricisi nümayiş olunmalıdır. Bunların hər biri Azərbaycan dövlətinin güclənməsinə xidmət etməlidir. Bütün bunlar kiminsə şəxsi mənafeyinə çevrilməməlidir. Fərqi yoxdur  vəziyyətdən sui-istifadə edənlər məmurdur ya adi vətəndaş. Neqativ hallara yol verən hər kəs cəzalanmalıdır. Ölkə başçısı da xalqa müraciətində bildirdi ki, mövcud durumdan istifadə edib kiminsə möhtəkirlik etməsi yolverilməzdir. Ona görə də günahkarlar öz cəzalarını alacaqlar”.