BMU-da tədrisin məsafədən təşkili üzrə göstəricilər


Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq Bakı Mühəndislik Universitetində (BMU) tədris prosesi məsafədən tədris platforması olan Google Classroom LMS (Learning Managament System) vasitəsilə ilə uğurla həyata keçirilməkdədir.

“Qafqazinfo”nun məlumatına görə, BMU tələbələrinin böyük əksəriyyətinin bu platformadan istifadəsi və onlayn tədrisə cəlb olunması təmin edilib.
Ümumilikdə, universitet üzrə dərslərin 86 %-i onlayn formada təşkil edilib və tələbələrin 82%-i bu dərslərdə iştirak edib.
Belə ki, İqtisadiyyat və idarəetmə fakültəsi üzrə 230 dərs Google Classroom platformasında hazırlanıb və 1 həftə ərzində 200-ə yaxın onlayn dərs təşkil olunub ki,  bu da açılan dərslərin 87%-ni əhatə edib. Classroomda iştirak edən tələbə sayı 1467 nəfər (89%) olub. 
Mühəndislik fakültəsində 190 dərs Google Classroom platformasında hazırlanıb. Həftəlik keçirilən onlayn dərslərin sayı 180 olub ki, bu da açılan dərslərin 95 %-ni təşkil edib. Classroomda iştirak edən tələbə sayı 2138 nəfər (86 %) olub.
Pedaqoji fakültə üzrə 282 dərs Google Classroom platformasında hazırlanıb. Həftə ərzində 256 onlayn dərs keçirilib, bu da açılan dərslərin 91%-ni təşkil edib. Classroomda iştirak edən tələbə sayı 4391 nəfər (77.5 %) olub.
Memarlıq və inşaat fakültəsi üzrə 181 dərs Google Classroom platformasında hazırlanıb və son bir həftə ərzində 145 onlayn dərs keçirilib, bu da açılan dərslərin 80%-ni təşkil edib. Classroomda iştirak edən tələbə sayı 620 nəfər (76 %) olub.
Qeyd edək ki, fakültə və kafedraların məsul şəxsləri tərəfindən bütün dərslərə nəzarət olunur. Bununla yanaşı, onlayn dərsdə iştirak edə bilməyən tələbələri nəzərə alaraq dərslərin böyük əksəriyyətinin video qeydiyyatı aparılır. İnternet imkanları məhdud olan BMU tələbəri daha sonradan həmin dərs materiallarını izləmək imkanına malikdirlər.