Karantində övladlarına sehr göstərən EKSPERT: Balacaları itirə bilərik !”

“İndi uşaqlar təhlükə altındadırlar. Onları qorumalıyıq”

“Həyat yoldaşımla birlikdə onların psixologiyasını qorumağa çalışırıq”


Müşahidələr göstərir ki, koronavirus pandemiyası ilə əlaqədər ölkədə elan olunan karantin rejimi bir çoxları, o cümlədən valideyn  və  övladları üçün əlverişli şərait yaradıb. Belə ki, indi valideynlər öz uşaqları ilə daha çox vaxt keçirə bilirlər. Əvvəl işə gedib- gələn ana, atalar indi bütün günü evdə olur və asudə vaxtlarını səmərəli təşkil etməyə çalışırlar. Onlardan biri də təhsil eksperti Kamran Əsədovdur. Kamran bəyin "Facebook" sosial şəbəkəsindəki şəxsi səhifəsində paylaşdığı videolar maraqla qarşılanıb. O, uşaqlarına müxtəlif sehr nümunələri göstərir, qızları ilə birlikdə stolüstü oyunlar oynayır. Bu təşəbbüslə təhsil eksperti həm də digər valideynlərə nümunə olur. 

 Sözügedən məsələ barədə "Sherg.az"a danışan K. Əsədov övladları ilə birlikdə vaxt keçirməkdən zövq aldığını dedi:

"Düzdür, uşaqlarıma həmişə vaxt ayırmışam. Lakin hazırda istəsəm də, istəməsəm də bütün günü evdə oluram. İnanın, vaxtın necə keçdiyini bilmirəm. Çünki uşaqlarımla səmərəli, əyləncəli vaxt keçiririk".

K. Əsədovun sözlərinə görə, məqsəd təkcə vaxtın keçməsinə çalışmaq deyil:

Həm də övladlarımın qayğısına qalıram. Əlbəttə, mövcud vəziyyət daha çox uşaqlara təsir edir.  Həyat yoldaşımla birlikdə onların psixologiyasını qorumağa çalışırıq. Bunun üçün axşamdan növbəti günün proqramını qurur, nə edəcəyimizi, hansı oyunlar oynayacağımızı müəyyənləşdiririk. Bütün oyunların, sehr nömrələrinin, yarışmaların əsas məqsədlərindən biri də uşaqların düşüncə tərzini, ünsiyyət qabiliyyətini, analitik təfəkkürünü inkişaf etdirməkdir".

Təhsil eksperti valideynlərə məsləhət verərək, onları da diqqətli olmağa çağırdı:

"Dediyim kimi, indi uşaqlar təhlükə altındadırlar. Onları qorumalıyıq. Uşaqların bütün günlərini kompüter, televizor arxasında keçirmələrinə imkan vermək olmaz. Nəticədə idarəedilməz məlumatlar, bəzən də dezinformasiyalarla balacaları itirə bilərik. Son vaxtlar uşaqlar arasında mənfi tendensiyaların artmasının əsas səbəbi məhz valideyn diqqətsizliyidir. Azərbaycanda 1.5 milyon şagird var. Onların gələcəkdə necə insan olmaları bizim indiki dövrdəki davranışımızdan, hərəkətlərimizdən asılıdır".