Parlamentin plenar iclasları videokonfrans sistemi ilə keçirilə bilər


Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə təklif edilən dəyişiklik ikinci oxunuşda yeni redaksiyada müzakirəyə çıxarılıb.

“Sherg.az”ın məlumatına görə, Milli Məclisin martın 30-da keçirilən plenar iclasında birinci oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, bu il dekabrın 30-dək karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının, həmçinin, Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək. Real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcəkdi.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, bu il dekabrın 30-dək karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının, həmçinin, Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək. 
Videokonfrans sistemi vasitəsi ilə keçirilən iclaslarda səsvermə ilə bərabər, həm də qeydiyyat deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcək. Bu dəyişiklik Milli Məclisə seçim imkanı verəcək ki, virtual iclaslar internetlə yanaşı, intranet (ölkədaxili), lokal şəbəkələrdən istifadə etməklə reallaşdırılsın.
Qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.