Təhlükə realdır: “Karantin qaydalarına əməl etmək lazımdır!”


“Əsas hədəfimiz  virusdan qorunmaq və bu bəladan az itki ilə çıxmaqdır”

“Kimin haqqı çatırsa, yardımlardan kənar qalmayacaq və hər kəs yararlanacaq. Sistemlərin də üzərində iş gedir”



“Koronavirus pandemiyası dünya üzrə təhlükə törətməyə başladığı andan Azərbaycan hökuməti başda cənab Prezident olmaqla buna çevik reaksiya verdi”.

Bunu “Sherg.az”a açıqlamasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Sağlam İnkişaf və Maarifləndirmə İctimai” birliyinin sədri Anar Xəlilov deyib. 

Şura üzvü bəyan edib ki, qısa müddət ərzində Nazirlər Kabineti yanında Operativ Qərargah və Koronavirusla mübarizə Fondu yaradıldı: 

“Xəstəxanalarda xüsusi yerlər, xaricdən gələn vətəndaşlar üçün karantin tətbiq edildi, sərhədlər dərhal bağlanıldı. Bundan əlavə dövlət əhaliyə “evdə qal” çağırışı etdi və iqtisadiyyatdan öncə vətəndaş düşünülərək bir çox müəssisələr qapadıldı. Tədris, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, istirahət zonalarının fəaliyyəti dayandırıldı. Yəni dövlət üzərinə düşən vəzifəni vaxtında və dərhal yerinə yetirdi. Bunu dünyanın bir çox aparıcı KİV-ləri də qeyd etdi və Azərbaycanın atdığı addımları nümunə göstərdilər. Burada dövlətin atdığı addımlara vətəndaşların da dəstək verməsi və qaydalara əməl etməsi çox vacibdir. Əksər vətəndaşlarımız buna əməl etsə də, bəziləri bu qaydalara zidd hərəkətlərə yol verirlər. Təəssuflə qeyd etməliyəm ki, hələ təhlükənin mahiyyətini dərk etməyən vətəndaşlarımız çoxluq təşkil edir. Baxmayaraq ki, KİV-lər, sosial şəbəkələr, mobil operatorlar vasitəsilə maarifləndirmə kampaniyaları aparılır. Eyni zamanda vətəndaş cəmiyyəti institutları, QHT-lər bu işdə dövlətə böyük kömək edirlər. Əlavə olaraq, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yanında İctimai Qərargah da yaradılıb. Bundan başqa Real TV ilə Şura “evdə qal, cəmiyyəti qoru” kampaniyasını çox uğurla aparır. Bütün bunlarla yanaşı məsuliyyətsiz insanlara yenə də rast gəlinir”. 

Birlik rəhbəri bəyan edib ki, bu insanlar öz həyatlarına təhlükə yaratmaqla yanaşı, digərlərinin də həyatını təhlükədə qoyurlar: 

“Bildiyiniz kimi aprel ayının 5-dən 20-dək xüsusi karantin qaydaları tətbiq olunur. karantin qaydalarının şərtlərinə uyğun olaraq yaradılmış SMS icazə xidmətindən və fəaliyyətdə olacaq idarə, müəssisələrdə çalışanlar üçün yaradılmış portaldan sui-istifadə hallarına rast gəlinir. Bu insanlar dərk etmirlər ki, atdığı addımlarla  təhlükə yaratmaqla yanaşı, həm də cəmiyyətə böyük hörmətsizlik edirlər. Onların bu addımı digər çoxluq təşkil edən karantin qaydalarına tabe olan vətəndaşlarımıza qarşı təxribatdır. Bu insanlar cəzalandırılmalıdır. Cərimələrin və sərt qaydaların tətbiq olunmasının tərəfdarrıyam. Düzdür, başa düşürəm ki, aztəminatlı, kirayədə yaşayan, müxtəlif problemləri olan və çətin duruma düşən insanlarımız var. Dövlətimiz bunu da unutmayıb və bu istiqamətdə iş aparır.

Artıq Məşğulluq Mərkəzi həmin insanları qeydə alır və bu gündən onlara 190 manat məbləğində müavinətin ödənişinə başlanılıb. Sahibkarlara yardım proqramı da işə düşüb. Muzdlu işçilərin əmək haqlarının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Çox güman ki, güzəştlər və yardımlar bununla bitməyəcək. Dövlət vətəndaşının yanındadır. Sadəcə səbrli olmaq, karantin qaydalarına əməl etmək lazımdır. Çölə çıxmaqla problem həll olunmur. Çöldə iş yerləri bağlıdır və küçəyə də pul səpilməyib. Ancaq real təhlükə var ki, bundan da evdə qalmaqla qurtarmaq olar. Bütün müraciətlər telefon və internet vasitəsi ilə olmalıdır. Özünüzdə yoxdursa və ya istifadə qaydalarını bilmirsinizsə, qonşulardan və yaxınlarınızdan kömək istəyin. QHT-lərə müraciət edin. Bir məsələni də xatırladım ki, sistemlərin işləməməsindən gileylənirlər. Nəzərə almaq lazımdır ki, normal şəraitdə bu sistemlər məyyən dövr ərzində hazırlanır. Koronavirus əvvəldən planlaşdırılmış bir bəla olmadığına görə, bu sistemlər çox qısa vaxt ərzində hazırlandı”. 

A.Xəlilovun sözlərinə görə, dünyanın aparıcı dövlətləri belə bu sistemi hazırlaya bilməyiblər: 

“Kimin haqqı çatırsa, yardımlardan kənar qalmayacaq və hər kəs yararlanacaq. Sistemlərin də üzərində iş gedir. Sadəcə səbrli olmalıyıq. Əsas hədəfimiz qarnımız deyil, bu virusdan qorunmaq və bu bəladan az itki ilə çıxmaqdır. Bir məsələni də deyim ki, xeyli sayda iş adamı, xeyirxah insanlar bu gün imkansız insanlara əl tutur. Bizim adət-ənənələrimiz, dəyərlərimiz var. Bu çətin günlərdə mən bütün imkanlı insanlara səsələnirəm, köməyinizi əsrgərməyin! Yaşlı, tənha insanlara, imkansız ailələrə yardım edin. Bunun özü həm virusa qarşı mübarizədir, həm də Allah qarşısında savabdır. Çünki bu insanların tələbatlarına kömək olunsa, onlar da məsuliyyətli olmağa çalışacaqlar. Amma sui-istifadə halları da çoxdur. Hay-həşir qaldıran insanların arasında vəziyyətdən yararlanmaq istəyənlər də var.

Belə insanlara da deyirəm ki, vicdanınız olsun. Eyni zamanda vaxtı bitmiş bəzi siyasətçilər bu vəziyyətdən istifadə edib “istehsal tarixlərini” artırmağa cəhd göstərirlər. İnsanları çaşdırırlar, qara yaxırlar, yenə də öz amplualarındadırlar. Bir atalar misalı ilə cavablarını vermək istərdim – “Utanmasan oynamağa nə var ki...”. Mən bir daha vətəndaşlarımızı karantin qaydalarına əməl etməyə çağırıram. İnanıram ki, tezliklə bu bəladan az itki ilə çıxacayıq. Koronavirius xəstələrini müalicə edən həkimlərimizi alqışlayıram və qarşılarnda baş əyirəm. Tanrı dövlətimizi və millətimizi qorusun!”.