Pandemiya şərait yaradıb: Nə qədər istəsən saxta psixoloqlar meydana çıxıb


 Yayılmaqda olan koronavirus pandemiyası ilə əlaqədar təkcə tibb işçilərinə yox, psixoloqlara da tələbat artıb. Belə ki, insanlar soyuqqanlı olmağa çalışır, psixoloji cəhətdən də bu xəstəliklə mübarizə aparırlar.

Sevindiricidir ki, Azərbaycanda  işini bilən kifayət qədər psixoloq var. Ancaq birdən- birə sosial şəbəkələrdə özlərini "psixoloq" kimi təqdim edənlərin də sayı çoxaldı... Necə yetişdi bu qədər psixoloq belə tez müddətdə? Haranın məzunudurlar onlar? 

 Məsələyə aydınlıq gətirmək üçün BDU- nun Sosial elmlər və psixologiya fakültəsinin müəllimi, psixologiya elmləri namizədi Müşviq Mustafayevlə həmsöhbət olduq. O, "Sherg.az"a açıqlamasında bu cür halların yolverilməz olduğunu dedi:



"Əfsuslar olsun ki, belə hallara rast gəlinir. Çünki son vaxtlar psixologiya ilə məşğul olanlara tələbat çoxalır. Ona görə də  çoxları bu və ya digər məqsədlə bu addan istifadə edirlər. Hətta bəziləri özlərini psixoloq kimi təqdim edib çirkin əməllərini reallaşdırmağa çalışırlar. Bir qisim isə sadəcə sosial şəbəkələrdə izləyicilərinin sayının artması arzusundadır. Əslində isə diplomsuz psixoloq kimi fəaliyyət göstərmək, "psixoloji yardım"la məşğul olmaq qanunla qadağandır. Həmin adamlar müvafiq qaydada məsuliyyətə cəlb olunmalıdırlar".

 M. Mustafayev bu mənfi halın son vaxtlar artmasının təsadüfi olmadığını bildirdi:

"Çünki sosial şəbəkələr insanın daha tez tanınmasına şərait yaradır. Ona görə də hansısa istifadəçi adının qabağına "psixoloq" sözü yazaraq daha çox diqqət cəlb etmək, maraq dairəsində olmaq istəyir. İkinci məqam isə koronavirus pandemiyası ilə əlaqədardır. Bu fövqəladə hadisə həmin saxtakarlar üçün əlavə imkan yaratdı".