"Zəhər tuluğu" filmi gəlir – Yüzbəyov “Şərq”ə açıqladı 

 "Dekabr ayı üçün düşünürük. Pandemiyanın qurtarmağı ilə əlaqədar gecikə bilər"


Son vaxtlar Azərbaycanda video-bloqerlikdən aktyorluğa yüksələn simaların sayı artıb. Onlardan biri də  qısa müddətdə  tamaşaçıların sevgi və rəğbətini qazanan  Taleh Yüzbəyovdur. Aktyor ssenarisi özünə aid olan filmlərdə rol almağa davam edir.  İlk vaxtlar çəkdiyi qısa videolarla tanınan T.Yüzbəyov  hazırda tamaşaçılarının qarşısına böyük layihələrlə çıxır. “YouTube'də yayımlanan "Zəhər Tuluğu" serialı  Azərbaycanda populyarlaşaraq maraqla izlənilib, izlənilir.  Bununla yanaşı, "Oxşarabad"ın  birinci və ikinci bölümləri də  intellektual komediya filmləri arasında öz yerini və qiymətini alıb. 

Biz də "Sherg.az" olaraq sevilən aktyorla əlaqə saxlayıb, karantin günlərini necə keçirdiyini öyrəndik. Aktyor birtərəfli şəkildə işlərinin davam etdiyini bildirdi:

" Əvvəl çəkilişlər də var idi. İndi ancaq yazmaq tərəfi ilə məşğulam. Ssenarilər yazıram. “Zəhər tuluğu”nun kinosunu və yeni serialın ssenarisini hazırlayıram. Çəkilişlər qalıb, işim yalnız yazmaqdır. Gözləyirik ki, karantin qurtarsın,  normal həyata dönək”

T.Yüzbəyov  "Zəhər tuluğu" qısa bölümlü serialının filmini planlaşdırdığını söylədi:

 "Dekabr ayı üçün düşünürük. Pandemiyanın qurtarmağı ilə əlaqədar gecikə bilər".

“Online layihələriniz olacaqmı?” sualına gəlincə,  aktyor hələ böyük bir layihə fikirləşmədiyini vurğuladı:

 "Rəsmi “İnstagram” səhifəmdə canlı yayınlar açıram. Axşamlar virtual şəkildə  izləyicilərimizlə görüşürük.  Məşhur dostlarımızla və ya sevənlərimizlə  söhbət edirik. Mahnı oxuya bilmirəm, ancaq bu şəkildə edirəm.  Hələ ki, fikirləşmirəm. Karantinin qurtarmağını gözləyirəm. Çünki bizim işimizi evdən görmək çox çətindir. Çəkilişlər qalıb. Düzdü evdə də etmək olar, amma daha professional olsun deyə böyük komanda lazımdır.
 Vərdiş olunmamış vəziyyətdir. İşlə bağlı həmişə hardasa olmuşam. İndi biraz çətin gəlir, amma öyrənmək lazımdır. Sağlamlığımıza görə dözməliyik!.