Saxta vəsiqə ilə karantin rejimini pozdu


Masallıda dövlət qurumlarından birində mütəxəssis kimi işləməsi barədə saxta vəsiqə hazırlayaraq karantin qaydalarını pozmağa çalışan rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az -a verilən məlumata görə, Masallı rayonu, Yeni Zuvand kənd sakini Elvin Muradov xüsusi karantin rejiminin tələblərinə əsasən şəhər ərazisində saxlanılıb Bu zaman o, rayon Polis Şöbəsinin əməkdaşlarına Əmlak Məsələləri üzrə Dövlət Komitəsində işlədiyini bildirib. Üzərində gəzdirdiyi, həmin dövlət qurumunda mütəxəssis kimi işlədiyinə dair qeydlər olan vəsiqəni polis əməkdaşlarına təqdim etdikdə isə sənədin saxta olduğu müəyyən edilib.

Araşdırmalarla məlum olub ki, E. Muradov xüsusi karantin rejiminin qaydalarını pozmaq və rayon ərazisində sərbəst şəkildə hərəkət etmək üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsində mütəxəssis işləməsi barədə yazılar olan saxta vəsiqə hazırlayıb.

Faktla bağlı Masallı rayon Polis Şöbəsində araşdırma aparılır.