“Dövlət vətəndaşdan çətin bir şey istəmir ki ? ! - Otur evində, dincəl !


“İnsanlıq tarixində bu cür epidemiyalar vaxtaşırı olur”. 

Bunu “Sherg.az”a türkoloq-alim, professor Firudin Cəlilov deyib. 

Alim bildirib ki, müasir dövrdə insanlar bir-biri ilə daha sıx əlaqədə və ünsiyyətdə olduqlarına görə, bu cür viruslar daha sürətlə yayılır: 

“Adamların toplanma yerləri həddindən artıq çoxdur. İnsanlar bütün günü dükan-bazarda, marketlərdə, nəqliyyatda sıx ünsiyyətdə olurlar, bir-birinə təmas edirlər. Məhz bu səbəbdən yoluxlamalar çoxalır. Bunun da yeganə əlacı hökumətin karantin rejiminə riayət etməkdir. Başqa yolumuz yoxdur. Hamı fikirləşməlidir ki, özünü qorumaqla həm ailəsini, həm də cəmiyyəti qoruyacaq. Heç kim özü bilmir ki, onda virus var, ya yox. Ancaq xüsusi müayinədən və testdən sonra bəlli olur ki, nəticə pozitivdir, yoxsa neqativ. Ona görə də insanlar bir-biri ilə mümkün qədər ünsiyyətdən, təmasdan çəkinməlidirlər. Otursunlar bir ay evdə, dincəlsinlər. Dövlət vətəndaşdan çətin bir şey istəmir ki?! Elə bilsinlər, məzuniyyətdədirlər. Vaxt tapmışkən, fürsət düşmüşkən mütaliə ilə məşğul olsunlar. Hamıya çağırış edirəm ki, mümkün qədər səbirli, hövsələli olsunlar. Düzdür, ailələrdə müəyyən çətinliklər olur. Gündəlik işləyən vətəndaşlarımız maddi sıxıntı çəkirlər. Amma dövlət bununla bağlı da müvafiq addımlar atır, yardımlar edir. İstənilən halda dözməliyik ki, bu bəlanı adladaq”.