SOS: “Texniki spirtlər olduqca təhlükəlidir” - Orqanizmi dərhal yandırır !

“Etil spirti 100-200 qram qəbul olunduqda belə güclü təsirə malikdir”

“İnsanlar texniki spirtlərin öldürücü təsirə malik olduğunu bilərək özlərini ölümün ağuşuna atırlar”


Bakının Xəzər rayonunda etil spirtindən zəhərlənmə qeydə alınıb. 42 yaşlı Pavlov Dmitriy Anatolyeviç etil spirti qəbul edərək zəhərlənib. Onun aprelin 9-da səhər saat 10 radələrində öldüyü bildirilir.Müayinə zamanı kəskin zəhərlənmə baş verdiyi müəyyən edilib. Hadisə yerinə baxış zamanı isə içərisində spirt olan bir ədəd plastik qab tapılıb. 



Spirtli içkilərdən zəhərlənmə zamanı ilkin yardımın göstərilməsi ilə bağlı “Sherg.az”a danışan həkim Şahvələd Məmmədov bildirib ki, texniki spirtlər olduqca təhlükəlidir. Onun sözlərinə görə, insanlar bilə-bilə öz həyatlarını təhlükə altına atırlar:

“Bu yaxınlarda İranda guya virusla mübarizə məqsədi ilə spirtdən istifadə olunarkən 150-yə yaxın adam zəhərlənib, dünyasını dəyişdi. Etil spirti 100-200 qram qəbul olunduqda belə güclü təsirə malikdir. Bu spirt qəbul olunarkən tez bir zamanda görmə pozğunluğu yaradır. Qusma, qaytarma kimi hallar baş verir. İnsanlar texniki spirtlərin öldürücü təsirə malik olduğunu bilərək özlərini ölümün ağuşuna atırlar. Artıq ölkəmizdə toksikologiya şöbəsində spirtdən zəhərlənən 9 xəstə var”. 

Ş.Məmmədov bildirib ki, ölkəmizdə də spirtli içki istehsal edən zavodları var. Lakin həmin zavodlardakı içkilər texniki standartlara cavab verir və dəqiq analizlər aparılır:

“Öz yanından etil kimi texniki spirtdən istifadə etmək ölümə aparır. İnsanlar şüurlu şəkildə özlərini ölümə aparırlar. Etil spirtindən zəhərlənmə zamanı xəstə tez zamanda toksikologiya mərkəzinə  yerləşdirilsə də, adətən belə xəstələrə yardım etmək mümkün olmur. Çünki etil spirti tez bir zamanda orqanizmini yandıraraq ölümə səbəb olur”.