“Yaşıl işıq” söndü: “Ermənistanın təbliğat ruporu iflasa uğradı”

“Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi qondarma seçkilər fiasko ilə nəticələndi”

“Siyasi proseslər Azərbaycanın leyhinə işləyir. Biz danışıqlarda mövqeyimizi daha da gücləndirməklə yanaşı, hərbi vasitəyə əl atdıqda daha haqlı tərəf kimi görünəcəyik”


2020-ci il martın 31-də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edilib. Bununla da ölkəmizin suverenliyi, ərazi bütövlüyünə dəstək ifadə edilib.
Əvvəlki illərdən fərqli olaraq müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən verilmiş bəyanatların sayı daha da artıb. Həm də ölkələrin və beynəlxalq təşkilatların mövqeyi açıq bəyanat formasında ifadə edilib. Türkiyədən tutmuş uzaq Kanada və Avstraliyaya qədər, Türk Şurasından tutmuş NATO-ya qədər dünya ictimaiyyətinin rəyi yekdildir.
Politoloq Məhəmməd Əsədullazadə “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunur. 
Onun sözlərinə görə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi qondarma seçkilər demək olar ki, fiasko ilə nəticələndi:

“Ermənistan çalışır ki, ildən-ilə Qarabağdakı qondarma qurum legitimləşsin. Amma bu qondarma seçkiyə münasibət göründüyü kimi birmənalı olmadı. Bir çox dövlətlərin mənfi münasibətini, Azərbaycanın yanında olması və ərazi bütövlüyümüzü dəstəkləməsini Azərbaycanın danışıqlarda diplomatik üstünlüyü kimi səciyyələndirirəm.

Bu, Azərbaycanın mövqeyini gücləndirir və Ermənistanın qondarma qurumu tanıtması cəhdlərini sıfıra endirir. Hesab edirəm ki, artıq dünya dövlətləri və beynəlxalq təşkilatlar separatçılığa yaşıl işıq yandırmır və beynəlxalq qanunlar çərçivəsindən çıxış edir. Bu onu göstərir ki, bundan sonrakı prosesdə ermənilərin qondarma qurumu tanıtma prosesi uğursuz olacaq.

Qondarma seçkilərə mənfi münasibətin göstərilməsi Ermənistanın bu illər ərzində apardığı təbliğat ruporunun iflasıdır. Anlamalıdırlar ki, beynəlxalq birlik artıq onların yalanlarını təhəmmül etmir. Baş verən siyasi proseslər Azərbaycanın leyhinə işləyir. Biz danışıqlarda mövqeyimizi daha da gücləndirməklə yanaşı, hərbi vasitəyə əl atdıqda daha haqlı tərəf kimi görünəcəyik”.