Karantini fürsət bilən “avtoş”lara: “Bu, məsuliyyətsizlikdir !” 

“Bəlkə də, karantin rejiminə bir imkan kimi yanaşır, vəziyyətdən sui-istifadə edirlər»



Bakıda avtoxuliqanlar Nizami Rayon Məhkəməsinin önündə toplaşıblar. Görüş zamanı bəzi avtomobil sürücüləri məhkəmə binasının qarşısındakı yolda avtoxuliqanlıq edib. Gənclər bu əməllərini videoya çəkərək sosial şəbəkələrdə paylaşıblar. Hadisədən bir neçə gün sonra Nizami Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları avtoxuliqanlıq edən 5 sürücüdən 4-nü saxlayıblar. Onlar barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə təqdim edilib. Avtomobillər isə duracağam aparılıb. Görünür, avtoxuliqanlar karantin rejimində qaydalara tabe olmayaraq, yenə də ənənələrinə sadiq qalırlar.



 Bununla əlaqədər “Sherg.az”a danışan nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynovun fikrincə, əsas səbəb məsuliyyətsizlikdir:
 “Etiraf etmək lazımdır ki, son vaxtlar paytaxt küçələrində seyrəklik müşahidə olunur. İndi sürücülər daha diqqətli, səliqəlidirlər. Çünki əlavə problemin yaranmasını istəmirlər. Amma “avtoş”lar həmişə olduğu kimi, indi də var. Onlar karantin rejiminin tələblərinə əməl etməməklə bərabər, həm də ictimai asayişi pozurlar. Çünki həmin insanlarda nə şəxsi, nə də ictimai məsuliyyət hissi var. Bəlkə də, karantin rejiminə bir imkan kimi yanaşır, vəziyyətdən sui-istifadə edirlər. Həmin insanlar müvafiq qaydada məsuliyyətə cəlb olunmalıdırlar. Amma qeyd edim ki, bu, təkcə hüquqi yox, həm də mənəvi məsələdir”.