“Moskva heç vaxt Qarabağdakı “seçkini” tanımayacaq” – ŞƏRH 

“Hər dəfə belə sərt reaksiyaların olması o deməkdir ki, ermənilər faktiki olaraq təcrid olunmuş bir vəziyyətdədir” 


“Ermənilər Dağlıq Qarabağda qondarma “seçkilər” keçirməklə hər dəfə dünya birliyinin, beynəlxalq strukturların sərt reaksiyası ilə üzləşirlər”. 

Bunu “Sherg.az”a açıqlamasında Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib. 

Politoloq bildirib ki, beynəlxalq təşkilatların reaksiyası getdikcə sərtləşir: 

“Rusiya XİN sözçüsü Mariya Zaxarova da budəfəki açıqlamasında nəinki Azərbaycanın ərazi bütövlüyünün tanınmasını qeyd etdi, eyni zamanda əlavə vurğuladı ki, bu “seçkilər” danışıqlar prosesinə ziddir. Həm də bəyan etdi ki, Moskva heç vaxt Qarabağdakı “seçkini” tanımayacaq. Ona oxşar bəyanatlar digər ölkələrin nümayəndələrini tərəfindən səsləndi. Hər dəfə belə sərt reaksiyaların olması o deməkdir ki, ermənilər faktiki olaraq təcrid olunmuş bir vəziyyətdədir. Bu vəziyyətdən çıxmağın yeganə yolu qondarma “seçki” keçirmək yox, işğal olunmuş torpaqları azad etməkdir. Əgər ermənilər normal şəraitdə yaşamaq istəyirlərsə, bunu İrəvan hökumətindən tələb etməlidirlər”. 

Analitik bildirib ki, Qarabağdakı ermənilər bir neçə dəfə etiraz aksiyası keçiriblər: 

“Etiraz edənlər separatçı rejimin rəhbərliyinə inanmadıqlarını, etimad göstərmədiklərini deyirlər və bu “seçki şousu”na son qoymağı tələb ediblər. İndiki pandemiya dövründə belə bir prosesin keçirilməsini insan sağlığına dəyər verilməməsi kimi dəyərləndiriblər. Bununla da ermənilər özlərini növbəti dəfə ifşa ediblər”.