Girovların yaxınlarından SOS: “...itirə bilərik !” – Ailələri əndişədə...

İradə Quliyeva: “Şahbazdan xəbər-ətər yoxdur. Soruşanda deyirlər ki, nəsə olsa, sizə bildirəcəyik” 

Kurdoğlu Əsgərov: “Atamı itirə bilərik. Xəstədir, qocadır. Həm də hər gün onlara işgəncə, əzab- əziyyət verirlər. Xəstəlik də bir tərəfdən"




Dünyada sürətlə yayılan koronavirus pandemiyası Ermənistandan da yan keçməyib. Bu məqamda bizi narahat edən erməni girovluğunda olan  soydaşlarımız - Şahbaz Quliyev və Dilqəm Əsgərovun sağlıq durumudur. Onsuz da hər günləri əzab- əziyyətlə keçən həmvətənlərimizin vəziyyəti indi daha da ağırlaşa bilər. Digər tərəfdən isə onlar üçün narahat olan əzizləri, doğmaları var
"Sherg.az" saytı olaraq şəraiti nəzərə alıb, girovların yaxınları, ailə üzvləri ilə əlaqə saxladıq. Aldığımız məlumat heç də ürəkaçan olmadı. Əksinə, bir vətəndaş kimi yaramıza duz basdı.

Şahbaz Quliyevin bacısı  İradə Quliyeva deyib ki, qardaşına sonuncu dəfə mart ayında məktub yazıblar:

“Ondan sonra ünsiyyətimiz kəsilib. Xəbər-ətər yoxdur. Soruşanda deyirlər ki, nəsə olsa, sizə bildirəcəyik. Narahat olduğumuzu başa düşmürlər. Yayılan xəstəlik bizi daha da qorxudur".
 
Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da bildirib ki, koronanavirus pandemiyası yayıldıqdan sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin əlaqələrində də problem yaranıb:

“Girovların azadlığa buraxılması ilə ancaq bu qurum məşğul olur. Əgər vəziyyət belə davam etsə, yəni komitə onları diqqətdə saxlamasa, atamı itirə bilərik. Xəstədir, qocadır. Həm də hər gün onlara işgəncə, əzab- əziyyət verirlər. Xəstəlik də bir tərəfdən səhhətlərinə ağır zərbə ola bilər".