Bakının baş planı hazırlanır: “Köhnə binalar söküləcək!”

“Amma o binaların sökülməsi kifayət qədər zaman tələb edir. Həmçinin,  investisiyaların cəlb edilməsi də vacibdir”


Millət vəkili Qüdrət Həsənquliyev Bakıda köhnə beşmərtəbəli binaların sökülməsini təklif edib. 
Deputat qeyd edib ki, tikinti sektorunun canlanması iqtisadiyyatın bir çox sahələrinin inkişafına ciddi töhfə verəcək:

“Tikinti sektorunun inkişafı üçün özəl tikinti şirkətlərinin fəaliyyətini canlandırmaq lazımdır. Yəni mənzil və istehsalat müəssisələri üçün bina tikintisinə icazə alma şərtləri xeyli sadələşdirilməli, sahibkarlardan qanunsuz tələblərə son qoyulmalı, onların ucuz kreditlərə çıxışı təmin olunmalıdır”.

Deputat bildirib ki, Bakıda Alatava, “Papanin”, “Xutor” və bu kimi adi standartlara cavab verməyən yaşayış məskənləri, köhnə beşmərtəbəli binalar sökülməli, yerlərində müasir yaşayış kompleksləri tikilməlidir.



Deputatın təklifini müsbət dəyərləndirdiyini deyən daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov  “Sherg.az”a açıqlamasında bildirib ki, 5 mərtəbəli köhnə binaların sökülməsi yeni müzakirə olunmur. 
Ekspert bildirib ki, şəhərin baş planı hazırlanır və planın ilkin versiyasında köhnə binaların sökülməsi məsələsi öz əksini tapıb:

“Amma köhnə binaların sökülməsi kifayət qədər zaman tələb edir. Eyni zamanda müəyyən vəsait və investisiyaların cəlb edilməsi vacibdir. Deputatın təklifi də müsbət dəyərləndirilməlidir. Sadəcə olaraq bu işin icrasını təşkil və təmin etmək bir qədər vaxt və vəsait tələb edir”.