“Azərbaycanın koronavirusa qarşı mübarizəsi özünü doğruldur” 

Azər Həsrət: “Ölkəmiz pandemiya zəncirində özünü ən yaxşı mühafizə edən həlqələrdən biridir”



Prezident İlham Əliyev koronavirus pandemiyasına qarşı həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Prezidentin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılıb. Ölkə başçısının bu addımı ictimaiyyət tərəfindən çox yüksək dəyərləndirilib. 

Ölkə başçısının pandemiya ilə mübarizədə növbəti  qərarını  şərh edən Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a deyib ki, Azərbaycan prezidentinin başçılıq etdiyi koronavirusa qarşı mübarizə  siyasəti özünü doğrultmaqdadır: 

“Azərbaycan  pandemiya zəncirində özünü ən yaxşı mühafizə edən həlqələrdən biridir.  Bu da təsadüfi deyil.  Əgər ölkə başçısı  koronavirusa qarşı aparılan mübarizə tədbirlərinə başlamasaydı, indi bizdə  digər dövlətlərin aqibətini yaşayırdıq.  Bu gün Azərbaycanda  yoluxma sayı digər dövlətlərlə müqayisədə dəfələrlə azdırsa, bunun üçün ölkə başçısına təşəkkür düşür”.

A.Həsrətin fikrincə Azərbaycan dövləti bu virusun yayılmağa başlamasının ardından ən effektiv mühafizə tədbirləri ilə diqqət çəkir. Şəxsən Prezident İlham Əliyevin özü gündəlik – saatbasaat vəziyyətlə maraqlanır, statistikanı təhlil edir, məlumatları nəzərdən keçirib gərəkli qərarları verir:

 “Məhz onun şəxsi iradəsi və uzaqgörən siyasəti sayəsində səhiyyə sistemimiz qısa zamanda pandemiya ilə mübarizəyə uyğunlaşdırıldı. Zəruri tibbi avadanlıqlar və  digər tibbi vasitələrin  tədarükü üçün ayrılan vəsaitlər də bu uğurlu siyasətin tərkib hissəsidir. Yuxarıda da qeyd etdiyim kimi,  bütün bu icraatların müəllifi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Məhz onun iti zəkası sayəsində ölkəmiz koronavirusla mübarizədə nəticələri aradan qaldırmağa deyil, profilaktik tədbirlər görüb ümumiyyətlə fəsadların qarşısını almağa üstünlük verir. Belə bir yanaşma bu mərhələdən ən az zərərlə çıxacağımıza əminlik yaradır. Əsas olan xalqımızın təhlükəsizliyidir. İnsanlarımızın canı sağlam olduqdan sonra  istənilən probelmin həllinə postpandemiya dövründə  nail olmaq olar”.