"Prezidentimiz türk xalqları tarixində bir ilkə imza atdı" - Deputat

“Belə bir bir videokonfransın keçirilməsi türk dövlətləri arasında münasibətlərdə yeni bir addımdır” 



Dünən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında fövqəladə Zirvə görüşü keçirilib. Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub.

Görüş Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə baş tutub. Görüşün sonunda iştirakçılar tərəfindən Birgə Bəyannamə qəbul edilib. 

Zirvə görüşünün əhəmiyyəti ilə bağlı “Sherg.az”a danışan millət vəkili, professor, tarixçi-alim Musa Qasımlı bildirib ki, dünyanın demək olar, bütün dövlət və hökumət başçılarının başlıca qayğısı koronavirus pandemiyasının qarşısının alınmasına yönəldiyi bir zamanda cənab Prezidentimiz İlham Əliyevin həm o məsələlərlə, həm də türk dünyasının ən vacib məsələləri ilə məşğul olması türk dövlətləri arasında olan əməkdaşlığa göstərilən xüsusi diqqət və qayğının xüsusi nəticəsidir: 

“Cənab Prezidentimizin bu addımı eyni zamanda onun iş üslubunu və yorulmazlığını göstərir. Bir daha təsdiq edir ki, ən çətin anlarda belə dövlət başçımızın siyasətində mühüm yerlərdən birini türk dünyası ilə əməkdaşlıq tutur. Belə bir bir videokonfransın keçirilməsi türk dövlətləri arasında münasibətlərdə yeni bir addımdır. Heç şübhəsiz, cənab Prezidentimiz bununla türk xalqları tarixində də bir ilkə imza atmış oldu”.