Hüquqşünas: “Qaydalara əməl etmək lazımdır, yoxsa cəza... !”

“Amma mənə elə gəlir, maarifləndirmə, profilaktik söhbətlər daha effektiv variantdır, nəinki cərimə”



Ötən sutka ərzində dəfndə iştirak etmək adı ilə 8103 qısa nömrəsinə  həqiqətə uyğun olmayan müraciət edən 20 nəfəri polis saxlayıb. 
Bu barədə DİN- in mətbuat xidmətindən məlumat verilib. 

Təkcə ötən sutka ərzində paytaxt Bakı və respublikanın ayrı-ayrı rayonlarında bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 20 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar polis idarə, şöbə və bölmələrinə gətiriliblər. Həmin şəxslərdən 19-u barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbirlər görülüb və onlar 100 manat məbləğində cərimə ediliblər. Bir nəfər isə məhkəmənin qərarı ilə inzibati qaydada 10 sutka həbs edilib.



İnsanlar yenə də qanuna əməl etmirlər. Hətta bu cür kritik vəziyyətdə də sui- istifadəyə can atırlar. Belələrini başa düşmək elə də asan deyil. 
Hüquqşünas, vəkil Adəm Məmmədov isə bu barədə "Şərq.az"a danışarkən həmin adamlara da güzəşt lazım olduğunu dedi:

"Sözügedən qanun pozuntusunun inzibati qaydada cəzası var. 211-ci maddəyə görə fiziki şəxslər 100 manat məbləğində cərimələnir və ya məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunurlar. Hüquqi və vəzifəli şəxslər üçün cərimənin məbləği daha çoxdur. Vətəndaş bilməlidir ki, qanun pozuntusuna yol verdiyi halda cəzalanacaq. Mən hüquqşünasam, insanları qanunu pozmağa çağırmıram! Əksinə, deyilənə əməl etmək lazımdır. Amma mənə elə gəlir, maarifləndirmə, profilaktik söhbətlər daha effektiv variantdır, nəinki cərimə. Çünki bu gün hər kəsin vəziyyəti pisdir. Çoxları məcbur olub, çörək pulu üçün işə gedir, indi onları külli miqdarda cərimələmək düzgün olmaz".