Muğam ifaçıları karantini necə keçirir ? – Dağlara çəkilən kim, idman edən kim, dincələn kim...

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədər bütün ölkə eləcə də sənət dünyası vaxtını evdə keçirməyə davam edir. Konsert proqramları, toy məclisləri təxirə salındığı üçün xanəndələrin, müğənnilərin işləri müvəqqəti olaraq dayanıb. Lakin bir çox qurum virtual şəkildə layihələr təşkil edir.
Sevilən sənətçilər “Evdə qal” kampaniyasına maraqlı ifaları ilə dəstək olurlar. Belə ki, bir sıra sənətkarlar evdə təşkil etdikləri konsert proqramları ilə musiqisevərlərin görüşünə gəlirlər. Xanəndələr Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirirlən “#sənətinlədəstəklə” layihəsi çərçivəsində tamaşaçılara səsləri ilə xoş əhval- ruhiyyə bəxş edirlər. Bəs belə təşəbbüslərin sayı artsa daha yaxşı olmazmı? Sualımıza cavab axtarmaq məqsədilə tanınmış xanəndələrlə əlaqə saxladıq. 

İlk olaraq tanınmış muğam ifaçısı, əməkdar artist Babək Niftəliyevlə danışdıq. O  Mədəniyyət Nazirliyindən təklif gəlsə də, Bakıda olmadığı üçün layihəyə qoşula bilmədiyini söylədi: 

“Göygöl rayonundayan, karantinlə əlaqədar olaraq yollar bağlı olduğuna görə Bakıya gedə bilmədim. Yanımda musiqi aləti yoxdur deyə "online" konsert təşkil etmək mümkün deyil. Vaxtımı ailəmlə birgə keçirirəm. Dağlardayam. Uşaqların dərsləri ilə məşğul oluruq. "Online" dərslərə qoşulurlar. Amma bizim dərslərimiz dayanıb. Mən də internet üzərindən dərs keçə bilərəm. Ancaq yanımda musiqi aləti yoxdur ki, notları tutaq. Əslində 3-4 nəfər qoşulsa, dərslərimiz davam edə bilər. İşlər dayanıb. Hamı kimi biz də gözləyirik. AzTv-nin solistiyəm, Asəf Zeynallı adına musiqi məktəbində müəlliməm, Beynəlxalq Muğam mərkəzinin xanəndəsiyəm. Karantinlə bağlı evdən çıxa bilmirik. Sənətimizlə məşğul oluruq”.
 Xanəndə özü qatıla bilməsə də, həmkarlarının təşəbbüsünə dəstək ifadə etdi:

“Yaxşıdır. Xalqımıza ruh yüksəkliyi verirlər. İnşallah yaxşı olar. Cənab prezidentimiz də bununla bağlı sərəncamlar imzalayıb. Ölkəmizi qorumaqdayıq. Güc birlikdədir. Özümüzü, yaxınlarımızı, dostlarımızı qorumaq üçün evdən çıxmamalıyıq. Çünki dostumuzun da dostu var. Hamıya bir - birindən yoluxa bilər. Qarşısını almaq üçün evdən çıxmamalıyıq”. 

Əməkdar artist İlkin Əhmədov “Sherg.az”a “online” layihədə iştirak etmək kimi bir planının olmadığını bildirdi: 

“Yox, mənlik deyil. Allah qoysa, nə vaxt karantin qurtarar canlı efirdən konsert verərəm. Qoşulmayacam. Evdə qalmaq da bezdirici deyil. Kitab oxuyuram, sənətimlə məşğul oluram, idman edirəm. Beləcə vaxt keçir. Rəsmi “İnstagram” səhifəmdə paylaşımlar edirəm, amma canlı yayın açmağı düşünmürəm".


Tanınmış xanəndə  Mirələm Mirələmov Mədəniyyət Nazirliyindən təklif gəldiyini və iştirak edəcəyi tarixi açıqlayıb:

 İnşallah ayın 13-ü  çıxış edəcəm.  Canlı yayım ayın 13-ü  21:00-da  AzTv-nin efirində olacaq. Bir neçə layihəm olub. Yenə davam edəcək.  Hazırda evdəyəm. Mart ayının 15-dən etibarən  qaydalara əməl edirəm. Ailəmlə, uşaqlarla gözəl, səmərəli vaxt keçirdirəm”.