"Bizə ehtiyac olanda konsert verərik" - Baloğlan Əşrəfov


Bu dəfə "Sherg.az"ın qonağı  əməkdar artist Baloğlan Əşrəfov olub. Onunla  incəsənət aləmindəki son durum və günün ən  aktual problemi olan koronavirusla bağlı fikir mübadiləsi apardıq. Əvvəlcə karantin şəraitindən danışan sənətkar əzəldən evdə qalmağı xoşladığını söylədi:

-Axşamlar toy olanda getmişəm, olmayanda evdə oturmuşam. Bu hala vərdiş edən insanam. İkincisi də - necə tələb edirlərsə, necə məsləhətdirsə, elə də əməl edirik.  Bu, tək Azərbaycanda baş verməyib. Dünyada  gedən prosesdir. Kanallardan, mətbuatdan öyrənirik, bilirik ki, vəziyyət necədir. Məsələn, bir ailəyə qadağan edilsə deyərlər problem var.  Amma bütün Azərbaycanda, Türk dünyasında, xristian ölkələrində tətbiq edilirsə riayət etmək  lazımdır. Necə  məsələhtdirsə  elə  də edək. 

Mədəniyyət Nazirliyinin "sənətinlə dəstəklə" layihəsini də dəyərləndirən əməkdar artist məsələdən xəbəri  olmadığını vurğuladı:

- Qərarlarından  xəbərdar deyiləm. Nə qanun qəbul edirlərsə, Allah canlarını sağ eləsin.  Böyük-böyük xalq artistləri, şöhrət ordenli sənətkarlar var, layihəyə qoşulub konsert təşkil etsinlər. O baxır texniki imkana, şəraitə, əhval ruhiyyəyə. Kimisi konsert verir. Amma hər dəqiqə mümkün olan iş deyil. Tələb olunsa, lazım bilsələr , biz də edərik. Evdən konsert verməyin texniki problemləri,  lazım olan musiqi vasitələri var. Xeyli sayda gözəl cavan müğənnilərimiz  var, onlar belə işlərə qoşulsunlar. Bizə ehtiyac olanda qatılarıq.

Yeni nəsil müğənnilərin iddialarına münasibət bildirən B.Əşrəfov əvvəla onlara  can sağlığı arzu etdi:

- Hamının səsi, avazı gəlsin. Onu deyə bilərəm ki, mənim qədər gündəmdə qala bilsələr,  Allaha min dəfə şükür edərlər.  Dava-dalaş, qalmaqal bunlar müvəqqətidir. Yaddaşlarda qalmaq üçün insanı Allah sevməlidir,  özü- özünə hörmət qoymalıdır,  savadı, dərrakəsi olmalıdır. Bilməlisən nə oxuyursan, necə oxuyursan. Allahın verdiyi istedad, bəxt olmalıdır. Yoxsa hay-küylə, dava-dalaşla inanmıram ki, uzun müddət gündəmdə qalarlar.