Zirvə görüşü dünyanın digər təşkilatlarına örnək oldu - Politoloq 

 Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri, Azərbaycan Prezident İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib.

Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub. 

Görüşdə Azərbaycan prezidenti çıxış edərək, ölkədə koronavirusa qarşı mübarizə tədbirlərindən, əhalinin məşğulluq problemlərinin həllindən söz açıb. Ölkə başçısının sözlərinə görə, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir:

“Bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır”.

Türk Şurasının Zirvə görüşünü “Sherg.az”a şərh edən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu sözügedən Zirvə görüşünün   dünyanın digər təşkilatlarına örnək olduğunu deyib. 

Azərbaycanın sədrliyi və ölkə prezidentinin təşəbbüsü ilə keçirilən görüş bir neçə səbəbdən  çox vacib və faydalı hesab edən politolq deyib ki, dünyanı COVİD 19 kimi təhlükəli bir virus bürüdüyü  bu cür ağır zamanda türk dövlətlərinin əməkdaşlıq imkanlarının gücləndirilməsinə ehtiyac vardı:

“Videokonfransda  pandemiya ilə birgə mübarizə məsələləri müzakirə olundu ki, Azərbaycan hətta bu məsələlərdə örnək rolunu oynaya bilər. Çünki ölkəmiz virusla mübarizə çərçivəsində önləyici tədbirlərə tam vaxtında başladı”. 

Mərkəz rəhbərinin fikrincə, Zirvə görüşünün  ikinci mühüm əhəmiyyəti iqtisadi əməkdaşlıq və regional layihələr məsələsinin müzakirəsi ilə bağlıdır:

“Türkiyə prezidenti  Ərdoğan da bu konfransda  Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin mərkəzi Asiyaya qədər uzadılmasını gündəmə gətirdi ki, bu məsələdə  məncə birgə əməkdaşlıq çərçivəsində öz  həllini tapacaq. Qərb dövlətlərinin fikir ixtilafı etdiyi,  bir-birilərinin maska və digər tibbi ləvazimatlarını  oğurlamağa təşəbbüs etdikləri bir zamanda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası bu vəziyyətdə də əməkdaşlıq etmək olar deyə, dünyaya örnək oldu”.