Deputat nazirdən danışdı: “Ajiotaj yaratmaq lazım deyil”  

“Buna istefa mədəniyyəti deyilmir. İstefa mədəniyyəti tam könüllü olur”

“Amma bu məsələdə camaatın reaksiyası naziri konkret addım atmağa məcbur etmişdi"
 

Türkiyədə dünən axşam vəzifəsindən istefa verən və Prezident Rəcəb Tayyib Ərdoğanın ərizəsini qəbul etmədiyi  Daxili işlər naziri Süleyman Soylu açıqlama verib.
Bununla bağlı “İhlas Haber Ajansı” məlumat yayıb.
Vəzifəsinin icrasını davam etdirən nazir “Allah bizi həm millətimizə, həm də hökumətə ümid edənlərə utandırmasın. Eyni qətiyyətlə davam etməliyik. Allaha əmanət olun” deyib.

Qeyd edək ki, S.Soylu Türkiyənin 30-dan çox şəhərində həftə sonu küçəyə çıxmaq qadağasının elan olunması və bundan sonra ölkədə yaranmış xaosla əlaqədar dünən axşam istefa verdiyini bildirib.

 Nazirin qərarını bir çoxları istefa mədəniyyəti kimi qiymətləndirib. İnsanlar onu digər məmurlara nümunə göstəriblər. Millət vəkili Fazil Mustafa isə “Sherg.az”a açıqlamasında deyib ki, məsələni böyütməyə ehtiyac yoxdur:
 "Bu, Süleyman Soylunun üçüncü istefasıdır. Məsələni istefa mədəniyyətilə əlaqələndirmək istəmirəm. Bu, sadəcə düşünülmüş, ölçülüb- biçilmiş addımdır. Nazir elə tapşırıq verməlidir ki, əhali əks- reaksiya göstərməsin. Əgər insanlar narazıdırlarsa, onda istefa vermək yerinə düşür. Əks halda isə buna nə ehtiyac var? Həm də prezident nazirin istefasını qəbul etməyib. Ona görə də Soylu əvvəl dövlət başçısı ilə danışmalı, o, razılıq verdiyi halda istefa ərizəsi yazmalı idi. Odur ki, ajiotaj yaratmaq lazım deyil. Buna istefa mədəniyyəti deyilmir. İstefa mədəniyyəti tam könüllü olur. Amma bu məsələdə camaatın reaksiyası naziri konkret addım atmağa məcbur etmişdi".