İrandan destruktiv addım:“Qarabağdakı separatçılara yardım edir - ”TIR-lar Xankəndində...

"İranın ölkəmizin suverenliyini pozaraq işğal olunmuş ərazilərimizdə fəaliyyətinə birdəfəlik son verilməlidir"




Sosial şəbəkələrdə İranın Ermənistan ərazisindən Dağlıq Qarabağa yük və neft daşıyan TIR-larını əks etdirən video-görüntülər yayılıb. Görüntülərin ortaya çıxması Azərbaycan ictimaiyyətində ciddi etirazlara səbəb olub. Əlbəttə, İranın Ermənistanla siyasi-iqtisadi əməkdaşlığı bu ölkənin daxili işidir. Azərbaycan buna etiraz etmir. Lakin rəsmi Tehranın Azərbaycanın işğal olunmuş ərazilərində separtçılarla qeyri-rəsmi əməkdaşlığı qətiyyən yolverilməzdir və işğalçılara lojistik dəstək verməkdir. Məsələ ondadır ki, İranın Dağlıq Qarabağa neft və neft məhsulları göndərdiyini əks etdirən videonu ermənilər özləri yayıb. Qarabağda yaşayan erməni fəal bunu kəskin tənqid də edib, təbii ki, öz prizmasından... Erməni fəal bildirib ki, hazırda İrandan gələn yanacaq TIR-ları Xankəndidədir:

“Biz Xankəndidəyik və bu, faktdır: ucuz yanacaq, pul qazanırlar və virus gətirirlər. Bu, cinayət kolonudur...”. O, koronavirusun artıq Xankəndidə olduğunu və bunun qəsdən yayıldığını deyib. Daha sonra o, separatçı və terrorçu Saakyan və onun komandası əleyhinə ittihamlar səsləndirib. 



Məsələni “Sherg.az”a dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, yayılan videodan aydın olur ki, İran dövlət nişanlı TIR-lar Qarabağdadır və buraya benzin və digər neft məhsulları daşıyırlar.  Siyasi şərhçinin sözlərinə görə, İran hakimiyyəti bu yolla öz destruktiv siyasətini davam etdirir: 

“İran Yəməndə husilərə, İraqda “Həşdi Şabi”lərə, Livanda “Hizbullah”a necə lojistik dəstək verirsə, Qarabağdakı separtçılara yardım əlini uzadır. İran İslam Respublikasının bu hərəkəti Azərbaycanla qonşuluq əlaqələrinə kölgə salır. Azərbaycan XİN İrandan bununla bağlı izahat tələb etməli, İranın ölkəmizdə səfiri nazirliyə dəvət edilərək məsələyə aydınlıq gətirməlidirlər. İranın ölkəmizin suverenliyini pozaraq işğal olunmuş ərazilərimizdə fəaliyyətinə birdəfəlik son vermək üçün Tehranla ciddi müzakirələr aparılmaldır. Məlumdur ki, İranın Qarabağda qida və tikinti şirkətləri fəaliyyət göstərir. Şuşada məscidin restavrasiyasını da məhz İran şirkəti həyata keçirir”. 

Ekspert vurğulayıb ki, Ermənistan istənilən zaman yardımları heçə sayaraq, İran əleyhinə fəaliyyətə keçə bilər: 

“ABŞ-ın İrana qarşı sanksiyalarına Nikol Paşinyan İranla sərhəddi bağlamaqla mesaj vermişdi. Ermənistanın İrana münasibəti budur. Göründüyü kimi İran özü Azərbaycanla problemlər axtarır və Tehranın “Qarabağ münaqişəsinin həllində aktiv ola biləcəyini” iddia edir. Sualım ölkəmizdəki İran səfirliyinədir. İran Qarabağdakı separtçılara yanacaq göndərməklə münaqişəsinin həllinə necə dəstək olacaq? İranın bu siyasəti, İslam həmrəyliyinə də ziddir”.