“Evdə qalmağımız tələb olunubsa, əməl etməliyik” - Başqa yolu yoxdur !

“Həyatı, əzizlərini sevirsənsə, onları qorumaq istəyirsənsə, evdə qalmalısan"




Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə ciddi rejimlə davam etdirilir. Hər gün yoluxanların sayının artmasına baxmayaraq tibb işçiləri üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Vəziyyətin get-gedə gərginləşməsinin səbəbi  isə qayda pozuntularına yol verən vətəndaşların məsuliyyətsizliyidir. Operativ Qərargahın rejimi gücləndirməsinə baxmayaraq hələ də qanunlara tabe olmayan təbəqə mövcuddur. Karantin və izolyasiya qaydalarına riayət etmədikləri üçün infeksiyasının yayılmasını sürətləndirirlər. Həm Prezident İlham Əliyev, həm də dövlətin səlahiyyətli nümayəndələri xalqı bir olmağa və qərarlara əməl etməyə səsləyir.

Onlarla yanaşı incəsənət aləminin sevilən sənətkarları da tövsiyələrini, məsləhətlərini çatdırmaq üçün əllərindən gələni edirlər. Sevilən ifaçılar “Evdə qal” kampaniyasını dəstəkləyən layihələrə qoşulub, xalqa xoş əhval-ruhiyyə ötürməyə çalışırlar. Mədəniyyət Nazirliyinin “#sənətinlədəstəklə” şüarı ilə evdən konsertlərə imza ataraq həmrəylik nümayiş etdirirlər.

"Sherg.az" olaraq bu dəfə tanınmış muğam ifaçısı, xalq artisti Səkinə İsmayılova ilə əlaqə saxlayıb karantin günlərini necə keçirdiyini və xalqa məsləhətlərini öyrəndik. Sənətkar söylədi ki, evdə qalmağımız tələb olunubsa, əməl etməliyik:

"Karantin günlərini çox yaxşı keçirirəm. Çünki evimi, ailəmi onlarla bir yerdə olmağı  sevirəm. Düşünürəm ki,  qadın evində darıxa bilməz. Görülməli çox iş var. "

Xalq artisti qaydalara riayət etməyən  vətəndaşlara da çağırış edib:
"Düz etmirlər. Hər bir insan həyatı sevir.  Həyatı, əzizlərini sevirsənsə, onları qorumaq istəyirsənsə evdə qalmalısan. Başqa yolu yoxdur".

S.İsmayılova Mədəniyyət Nazirliyinin layihəsində iştirak edəcəyini və konsertin yayımlanacağı tarixi açıqladı:

"Həmin layihədə konsertimi təşkil ediblər. Sabah  mənim konsertim olacaq. Səkinə İsmayılovanın konsert proqramı həmin layihənin içərisindədir. Sənət dostlarımı alqışlayıram, təbrik edirəm. Bu, çox gərəklidir. Ona görə ki, hər zaman xalqımızın yanında olmalıyıq. Onlar da görsünlər ki. bu qayda hər birimizə aiddir. Sənətindən aslı olmayaraq “Evdə qal”  göstərişi verilibsə, bizim üçündür, həyatda qalmağımız naminədir. Həyatı, əzizlərimizi sevmişiksə, yenə də sevək. Onları hər zaman görə bilək. Qaydalar bizə görədir. Alqışlayıram, hər zamanda “Evdə qal!” şüarını dəstəkləyirəm".