“Heç kim cəmiyyət üçün problem yaratmamalıdır” - Həmrəy olaq !

Ağacan Abıyev: “Vətəndaşların üzərinə düşən karantin rejiminin qaydalarına əməl etməkdir” 



“Mən “evdə qal” çağırışını dəstəkləyirəm. İnsanlar evdə qalmaqla həm öz sağlamlıqlarını, həm də cəmiyyətin təhlükəsizliyini qorumuş olarlar”. 
Bunu “Sherg.az”a açıqlamasında Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor Ağacan Abıyev deyib.
Professor bəyan edib ki, heç bir vətəndaş cəmiyyət üçün problem yaratmamalıdır: 

“Hər kəs əlindən gələni, bacardığını etməlidir. Dövlətin “evdə qal” çağırışına əməl etmək çətin deyil. Zərurət olmadığı halda heç kim boş-boşuna küçəyə çıxmamalıdır. Küçədə gəzməklə heçnə düzəlməyəcək. Mən günlərdir evdən bayıra çıxmıram. Telefonla bütün məsələləri həll edirəm. Hər bir Azərbaycan vətəndaşı, qohum-əqrabasını, xalqını sevən insanlar “evdə qal” şüarını əldə bayraq tutmalıdırlar”. 

A.Abıyev vurğulayıb ki, insanlar evdə qaldığı müddətcə onların bütün problemlərini dövlət həll edir: 

“Ali məktəblərdən tutmuş, zavod-fabriklərə qədər bir çox müəssisəsədə çalışan işçilərin maddi problemləri həll olunub və olunmaqda davam edir. Dövlət üzərinə düşən bütün addımları ən yüksək səviyyədə həyata keçirir. Məhz elə ona görədir ki, bugün Azərbaycan koronavirusa qarşı mübarizədə ön sıralarda dayanır. Görülən tədbirlərin nəticəsidir ki, ölkəmizdə yoluxma çox aşağı həddədir. Bu da ölkəmizdəki nizam-intizamdan, aparılan siyasətdən qaynaqlanır. Əgər qaydalara əməl edəcəyiksə, həm bu virusa, həm də digər viruslara qalib gələcəyik. Yox əgər intizamsızlıq nümayiş etdirsək, sözə qulaq asmasaq, dövlətin tələblərini qulaqardına vursaq, onda virus qalib olacaq. Bu virus məsələsi bütün insanlar üçün bir dərsdir. Bir olmaq, həmrəy olmaq lazımdır. Rəhbərlik və dövlət bizim üçün hər şeyi edir, bizə doğru yolu göstərir. Vətəndaşların üzərinə düşən karantin rejiminin qaydalarına əməl etməkdir”.