Üzü gülən adam: Pulu olmayanda heç bildirmirdi

Ömür - gün yoldaşı şəhid jurnalistdən danışdı



 Jurnalistika dünyanın ən təhlükəli peşələri sırasındadır. Çünki media nümayəndələri üçün ölüm gözlə qaş arasındadır. Məsələn, bir səfər,  ezamiyyət əbədi ayrılığa səbəb ola bilər.

Ona görə də ancaq cəsur insanlar, jurnalistikanı, qələmi həyatları qədər çox sevənlər ömürlərinin sonuna kimi bu sahədə qalmağı bacarırlar. Əslində isə belələri əbədi dünyanı qazanır, həmişə xatirələrdə yaşayırlar. Cəmi 39 yaşında Qarakənd faciəsi zamanı şəhid olan jurnalist, sonradan Milli Qəhraman adına layiq görülən Alı Mustafayev kimiləri. 



 BDU-nun Jurnalistika fakültəsinin məzunu, uzun illər Azərbaycan Dövlət Televiziyasında çalışan, peşəsinə sevgisilə indiki gənc nəslə nümunə olan Alı Mustafayevin bu gün doğum günüdür. Milli Qəhrəmanımızın ömür - gün yoldaşı Lalə xanımla həmsöhbət olduq. O, "Sherg.az"-a açıqlamasında mərhumu həmişə xoş duyğularla xatırladığını dedi:

"İkimiz də BDU- nun Jurnalistika fakültəsində təhsil almışıq. Ancaq Alı məndən və digər qrup yoldaşlarımızdan bir neçə yaş böyük idi. Müəllimlərlə çox yaxşı ünsiyyət yaratmışdı. Üzü daim gülürdü. Ən çətin anlarında belə nikbinliyini qoruyurdu. Pulu olmayanda da bunu bildirmir, heç nədən narazılıq etmir, "hər şey yaxşıdır" deyirdi".
 
  L. Mustafayeva xatirələrdən də danışdı, ünsiyyətlərinin necə möhkəmləndiyindən söz açdı:





"Goranboya pambıq yığımına getmişdik. Əvvəl valideynlərim mənə icazə vermirdilər. Sonradan razı saldım və mən də digər qrup yoldaşlarımla birlikdə pambıq yığımına yollandım. Səfər zamanı tələbə yoldaşlarımla qardaş - bacı, müəllimlərimizlə valideyn - övlad ünsiyyəti yarandı. Alı ilə bir - birimizi daha yaxşı tanıya bildik. Nə yaxşı ki, Goranboya getmişdim".

 Milli Qəhrəmanın həyat yoldaşı, həmçinin bildirdi ki, Alı Mustafayev həm də şair idi. Çoxları onun şeirlərini bəyənirdi:

"Alının şeirləri mənə də maraqlı gəlirdi. Şeir yazmağı çox sevirdi, amma dərc etdirmirdi. Bir dəfə səbəbini soruşdum. Dedi ki, mən şeir yazmağa sadəcə hobbi kimi yanaşıram. Amma, həqiqətən, çox yaxşı yazırdı. Şəhid olandan sonra "Yazıçı" nəşriyyatında üç kitabını nəşr etdirmişəm. "Qız qalası" adlı bir pyesi də var. Gələcəkdə onun da nəşr olunmasına çalışacam. Qoy, ruhu şad olsun! Onu da deyim ki, Bərdədə 5 nömrəli məktəb Alı Mustafayevin adını daşıyır. Həyat yoldaşımı həmişə yad edir, xatırlayırlar".