Dalğıc təlimlərinin keçirilməsi peşəkarlığı, döyüş hazırlığını artıracaq - Ehtiyatda olan polkovnik

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Hərbi Dəniz Qüvvələrinin Dalğıc Təlim Poliqonunda dalğıcların hazırlıq məşqləri keçirilir. 

Döyüş koordinasiyasına nail olmaq məqsədilə keçirilən məşqlərdə hərbi qulluqçular dalğıc təhsili proqramı çərçivəsində müxtəlif spesifik məşqləri icra edir, dalğıc hazırlığı üzrə normativlər verir və sualtı döyüşün aparılması vərdişlərini təkmilləşdirirlər. Hərbi qulluqçular müxtəlif təyinatlı maneələr zolağında döyüş, fiziki və peşə hazırlıqlarını artırırlar.

Dalğıc təlimlərinin keçirilməsinin hərbi dəniz qüvvələrimiz üçün vacib mərhələ olduğunu deyən ehtiyatda olan polkovnik Şair Ramaldanov “Sherg.az”a açıqlamasında bildirib ki, ölkəmizdə strateji energetik resurlarımız böyükdür. 

Onun sözlərinə görə neft və qaz resurslarımızın müdafiəsi üçün hərbi dəniz qüvvələrinin mühüm vəzifələri var:

“Hərbi dəniz qüvvələri ölkəmizdə daim işlək bir mexanizmdir. Onların özlərinəməxsus döyüş hazırlıq planı var. Dənizçilərimiz bu plan üzrə məşğul olaraq professionallıqlarını artırırlar”.

Ş.Ramaldanov bildirib ki, dənizçilərimiz hər zaman professionallıqlarını yetərli qədər göstəriblər:

“Keçən il Azərbaycan Rusiya, İran və Qazaxstanın iştirak etdiyi təlimlərə qatıldı.  Həmin dövlətlərin dəniz qüvvələri bizim dəniz qüvvələrindən daha böyükdür. Amma dənizçilərimiz həmin təlimdə qoyulan tapşırıqları müvəfəqqiyətlə yerinə yetirərək birincilik qazanmışdı. Bu da onu göstərir ki, Azərbaycan qonşu dövlətlərə baxanda kiçik hərbi dəniz qüvvələrinə malik olsa da, döyüş hazırlıqlarını yüksəldərək daim üzərilərində işləyir. Dənizçilərimiz xüsusi təlimlərdən keçərək beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə edib birincilik qazanıblar. Əlbəttə, bu birincilik elə belə qazanılmayıb. 

Müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi plan üzrə dalğıc təlimlərinin keçirilməsi hərbi dəniz qüvvələri üçün çox vacibdir. Çünki keçirilən təlimlər peşəkarlığın, döyüş hazırlığının və qabiliyyətinin yoxlanmasına kömək edəcək. Belə təlimlər dəniz qüvvələrinin heyəti üçün əhəmiyətlidir. Çünki onlar real şəraitdə yaranmış senarilər üzrə təlimlərdə bütün mərhələlərdən keçərək praktiki şəkildə təcrübə qazanacaqlar. Fikrimcə, dəniz qüvvələrimiz bu təlimlərdə də vəzifələrini layiqincə yerinə yetirərək yüksək peşəkarlıq göstərcəklər. Nəticədə onların peşəkarlığı və döyüş hazırlığı bir pillə yüksələcək”.