Təhsil eksperti qərarı alqışladı, amma bir əmma da göstərdi

“Bu tələbələrin təhsil xərclərinin dövlət tərəfindən ödənilməsi, müsbət haldır. Sadəcə, gərək qərarın həyata keçirilmə mexanizmi düzgün olsun”



Nazirlər Kabineti “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərar verib.
Qərarda qeyd edilir ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. 



Qərarı dəyərləndirən təhsil eksperti Nabatəli Qulamoğlu "Sherg.az"a bunları deyib:

"Əlbəttə, müsbət təşəbbüsdür. Qərarı birmənalı qarşılamaq lazımdır. Burda mənfi heç nə yoxdur. Sadəcə, gərək qərarın həyata keçirilmə mexanizmi də düzgün olsun. Onu da deyim ki, bu yenilik daimi ola bilməz, müvəqqətidir. Qərarın qəbul olunmasının səbəbi isə, məlum olduğu kimi, koronavirus pandemiyası ilə əlaqədar insanların maddi durumunun zəifləməsidir".