İcra məmuru qəbiristanlıqda kartof əkib ? ! –“ Bunu nə qanun, nə əxlaq, nə də insanlıq qəbul edir”

“Qanunsuz olaraq ictimai məkan və torpaq sahəsi mənimsənilib. Hətta buna görə cinayət məsuliyyəti da var”


Cəlilabad rayon İcra Hakimiyyətində şöbə müdiri işləyən Münasib Həsənovun qəbiristanlıq ərazisini zəbt edərək, orada kartof əkdirdiyi bildirilir. Bu barədə rayon sakini Nazim Vəliyev məlumat verib. 
O,bildirib ki, şöbə müdiri Cavid xan küçəsi, İran bazarından dönəndə arxa yolda yerləşən qəbiristanlığı uzun illərdən bəri zəbt edib və orada əkinçiliklə məşğuldur. Vətəndaş deyir ki, bununla bağlı etiraz etdikdə və ya irad bildirdikdə sözügedən şəxs onlara təzyiq göstərir:
“Bu proses neçə ildir, davam edir. Qəbiristanlıq üçün dövlət yer saxlayıb, bələdiyyə də rəsmi olaraq ərazi ayırıb. Lakin Münasib Həsənov heç bir sənəd olmadan qəbiristanlığın 10 hektar ərazisini özünküləşdirib və orada kartof əkir. Ona bələdiyyə də bir söz deyə bilmir, çünki Həsənov səlahiyyət sahibidir və İcra Hakimiyyətində işləyir”.



Baş verənlərlə bağlı “Sherg.az”a danışan “Konstitutsiya” Araşdırmaları Fondunun Prezidenti Əliməmməd Nuriyev bildirib ki, qəbiristanlıq ümumi istifadədə olan ərazi sayıldığı üçün orada əkin işlərinin görülməsi qadağandır. Onun sözlərinə görə, bunun üçün Cinayət Məcəlləsində müvafiq maddə yer alır:

“Qəbirstanlığın kiminsə tərəfindən mənimsənilməsi və orada əkin işlərinin aparılması ilk növbədə əxlaqi baxımdan düzgün deyil. Hansısa vəzifəli şəxs ümumi istifadədə olan yeri mənimsəyib öz ehtiyacı üçün istifadə edirsə, bu, düzgün deyil. Belə şəxslərin qanunsuz hərəkətinin qarşısı alınmalıdır. Çünki qəbiristanlıq toxunulmaz bir ərazidir. Onu yalnız təyinatına uyğun olaraq istifadə etmək olar. Əlbəttə, qəbiristanlıqda abadlıq işləri görmək olar. İnsanlarımız çalışır ki, qəbiristanlıq ərazisi abad formada olsun. Bu, əhalinin, kəndin və yaxud qəsəbənin birgə fəaliyyəti nəticəsində ola bilər. Əsas məqsəd isə qəbristanlığın səliqəli olmasıdır. Amma orada əkin işləri aparmaq gülünc bir haldır. 10 hektar çox böyük bir ərazidir. Bu məsələyə ilk növbədə rayon icra hakimiyyəti baxır. Eyni zamanda məzarlıqların verilməsi bələdiyyələrin səlahiyyətinə aiddir”. 

Ə.Nuriyev qeyd edib ki, sözügedən hadisədə qəbiristanlığın qanunsuz zəbt edilməsi halı var:

“Qanunsuz olaraq ictimai məkan və torpaq sahəsi mənimsənilib. Hətta buna görə cinayət məsuliyyəti da var. Cinayət Məcəlləsində müvafiq normalar mövcuddur. Həmin normada azadlıqdan məhrum etmə cəzası  nəzərdə tutulub. Bu günlərdə qanunvericilikdə həmin norma daha da sərtləşdiriləcək. Belə hərəkətləri nə qanun, nə əxlaq, nə də insanlıq qəbul edir. Qanunsuzluğa yol verən həmin şəxs məsuliyyətə cəlb olunmalıdır. Amma ilk öncə baş verənlər dəqiq araşdırılmalıdır. Çünki indiki şəraitdə bəzi hallarda yanlış informasiyalar da verilir. Həqiqətən belə hadisə baş veribsə, müvafiq dövlət qurumları və rayon icra hakimiyyəti dərhal tədbir görəcək. Eyni zamanda polis orqanları da qanunsuz zəbt etmə ilə bağlı ölçü götürməlidir. Çünki həmin torpaqlar ya bələdiyyə fondunun torpaqlarıdır, ya da dövlətin torpaq fonduna aiddir. Ona görə də hüquq mühafizə orqanları həmin şəxsin məsuliyyətə cəlb edilməsi ilə bağlı müvafiq tədbirlər görməlidir”.

Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.