“İsti yeməkləri, isti çayı xoşlayan millətik, bu, xəstəliklə mübarizədə bizə çox kömək edir" - Həkim-allerqoloq 

"Mən bu istiqamətdə ciddi araşdırmalar aparmışam. Odur ki, mayda vəziyyət xeyli düzələcək”

Son 24 saat ərzində Azərbaycan Respublikasında koronavirus infeksiyasına yoluxan 49 yeni xəstə aşkarlanıb. Müqayisə üçün qeyd edək ki, 8 apreldə 105, 9 apreldə 104, 10 apreldə 65, 11 apreldə 67, 12 apreldə 40, 13 apreldə 50 yoluxma faktı qeydə alındığı açıqlanmışdı. 
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, 24 saatda 62 nəfər sağalaraq evə buraxılıb. 

 Məlum statistikanı “Sherg.az”a dəyərləndirən həkim-allerqoloq Şahvələd Məmmədovun fikrincə, sevinmək üçün tələsmək düzgün olmaz:

“Yoluxanların böyük əksəriyyətinin sağalması müsbət haldır. Amma hələ vəziyyətin yaxşılaşdığını demək olmaz. Çünki daşıyıcıların hamısını müəyyənləşdirmək mümkün deyil. Bir çoxu xəstəliyə yoluxduğunu bilmir. Bəziləri isə yaxma metodu ilə test verməkdən imtina edir. Həm də etiraf etməliyik ki, testin aparılma qaydasında da səhvlər ola bilər. Çünki bu xəstəlik yenidir”. 

 Ş. Məmmədov qeyd etdi ki, bir müddət keçdikdən sonra ölkədə yoluxanlarının  sayının  kəskin  azalmasını  müşahidə  etmək  olar:

“Azərbaycanlılar isti yeməkləri, isti çayı xoşlayırlar. Bu məqam  xəstəliklə mübarizədə bizə çox kömək edir. Ümumiyyətlə, koronavirusun istiyə dözümü yoxdur. Müsbət 25 dərəcədə bu virus ölür. Bəziləri bunu qəbul etmirlər. Ancaq mən  bu istiqamətdə ciddi araşdırmalar aparmışam. Odur ki, mayda vəziyyət xeyli düzələcək”.

 Həkimin fikrincə, karantin qaydalarının sərtləşdirilməsi məqsədəuyğundur:

“Çünki bəzi insanlar hələ də vəziyyətin ciddiliyini başa düşmürlər. Xüsusilə gənclər məsələyə etinasız yanaşırlar. Belə olmaz. Məncə, qaydalar sərtləşdirilməlidir  ki, insanlar sosial izolyasiya tələblərinə əməl etməyə məcbur olsunlar”.