"Mübarizənin ön xəttində olanların xidməti nəzərə alınır” – Maaşlara əlavə... 

“Bu addımlar dövlətin və ölkə rəhbərliyinin koronavirusa qarşı mübarizəsinin tərkib hissəsidir”

“Rəy sorğusuna görə, əhalinin 93 faizi dövlətin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi fəaliyyəti yetərli hesab edir”




“Cəmiyyət dövlət başçısı tərəfindən atılan addımları təqdir edir və cənab Prezidentə etimadını bildirir”.  
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib. 
Deputat bildirib ki, Azərbaycanda koronavirusla mübarizə digər ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə fərqlənir:

“Azərbaycan pandemiya yayılmağa başladığı andan virusun təsirlərinin minimuma endirilməsi istiqamətində tədbirlər görür. Dövlət tərəfindən qabaqlayıcı və profilaktik addımların kompleks xarakter alması üçün bütün zəruri tədbirlər həyata keçirilir. Azərbaycan həm də Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq çərçivəsində pandemiya ilə mübarizəni həyata keçirir. Mart ayının 9-13-ü aralığında Azərbaycana ÜST-dən ekspertlər qrupu səfər etdi və ölkədəki vəziyyəti öyrəndilər. Təşkilat da Azərbaycan hökumətinin pandemiyaya qarşı mübarizəsini və bu istiqamətdə atdığı addımları çox yüksək qiymətləndirdi”. 

Parlament üzvünün sözlərinə görə, koronavirus insanların sadəcə həyat və sağlamlığını təhdid etmir. Eyni zamanda insanların sosial durumuna da mənfi təsir göstərir: 

“Əhaliyə dəyən sosial-iqtisadi fəsadların aradan qaldırılması istiqamətində dövlət tərəfindən çox ciddi addımlar atılmaqdadır. İlkin mərhələdə dövlət tərəfindən ayrılan 2,5 milyard manat vəsait insanların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına, koronavirusun zərərlərinin aradan qaldırılmasına hesablanıb. Koronavirusa qarşı mübarizənin önündə həkimlər durduğu üçün dövlət tibb işçilərinin sosial durumunun təmin edilməsi istiqamətində ciddi addım atdı və həkimlərin maaşı 3-5 misli qədər artırıldı. Bu dəfə isə cənab Prezidentin sərəncamı ilə Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrindəki 1400 və Fondun tabeliyindəki sosial xidmət müəssisələrində çalışan 600 nəfərin, ümumilikdə, isə 2 min sosial xidmət işçisinin xidməti nəzərə alınaraq əmək haqqları artırıldı. Şübhəsiz ki, bu tipli qərarların davamı olacaq və pandemiyaya qarşı mübarizədə bütün xidmətlər nəzərə alınacaq. Bu addımlar dövlətin və ölkə rəhbərliyinin koronavirusa qarşı mübarizəsinin tərkib hissəsidir”. 

E.Mirbəşiroğlu Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “Azərbaycanda koronavirusla mübarizə ictimai rəydə” adlı hesabat hazırlandığını söyləyib: 

“Bu hesabat sosioloji sorğu əsasında hazırlanıb. Aparılmış rəy sorğusuna görə, əhalinin 93 faizi dövlətin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi fəaliyyəti yetərli hesab edir. Əhali inanır ki, dövlət bütün zəruri addımları atacaq. Rəyi soruşulanların 66 faizi düşünür ki, Azərbaycanda panika üçün əsas yoxdur. Bunu da onunla əsaslandırırlar ki, dövlət bütün problemləri aradan qaldırmaq iqtidarındadır”.