"Yas mərasimi adı ilə sui-istifadə halları vicdana, dinə-imana sığmır" - İlahiyyatçı-alim

"Din alimləri də birmənalı şəkildə ifadə edirlər ki, hər bir insan dövlətin qayda-qanunlarına qeyd-şərtsiz riayət etməlidir"

 Məlum olduğu kimi Azərbaycanda aprelin 5-dən ölkə üzrə hərəkət məhdudiyyəti elan edilib. Bu məhdudiyyətə əsasən, xüsusi icazəsi olmayan şəxslərdən küçəyə çıxmaq üçün müvafiq məqsədləri göstərən kodu 8103 nömrəsinə göndərmək tələb olunur.

Qaydalara görə, yaxın qohumun dəfninə getmək üçün 3 kodunu və şəxsiyyət vəsiqəsinin seriya nömrəsini yazaraq icazə alınmalıdır. Bu, yalnız dəfndə 5 saat müddətində iştirak etmək imkanı verir. Lakin aparılmış araşdırmalar nəticəsində müəyyən olunub ki, vətəndaşlar tərəfindən sms icazə sistemində sui-istifadə hallarına yol verilir. Məlumata görə, bəzi vətəndaşlar “3” kodundan yaxın qohumun dəfnində iştirak etmək üçün deyil, başqa məqsədlər üçün istifadə edir. 

Sözügedən məsələ ilə bağlı “Sherg.az”a fikirlərini bölüşən ilahiyyatçı-alim Hacı Atif İsmayılov bildirib ki, dövlət dəfn mərasimlərini çox həssas məsələ olduğu üçün icazə kateqoriyasına salıb. 

İlahiyyatçının sözlərinə görə, dövlətin vətəndaş üçün yaratdığı bu imkandan sui-istifadə etmək həm qanunsuzluq, həm də böyük günahdır: 

“Dövlət öz vətəndaşına qayğı göstərir və insanların bütün problemlərini, zəruri ehtiyaclarının həllinə çalışır. Lakin bəzi adamların “yaxın qohumum dünyasını dəyişib” yalanı ilə dövləti aldatmağa səy göstərməsi qətiyyən qəbul olunmazdır. Onsuz da Allahı aldatmaq mümkün deyil və İslam dininə görə, yalan danışmaq böyük günahlardandır. Lakin dinə görə, ümumiyyətlə, heç kimi aldatmaq olmaz. Bu məsələdə vətəndaş həm dövlət qarşısında, həm də Allah qarşısında məsuliyyət daşıyır. Özü də dəfn məsələsi çox həssas olduğuna görə, bundan sui-istifadə halları vicdana, dinə-imana sığmır. İslam dini istənilən məsələdə həqiqətdən uzaq davranmağı qadağan edir. Din alimləri də birmənalı şəkildə ifadə edirlər ki, hər bir insan dövlətin qayda-qanunlarına qeyd-şərtsiz riayət etməli, yas, mərasim və s. məsələlərə görə qanunlardan kənar hərəkət etməməlidir”.