“Bu, sosial xidmət işçilərinə qayğının təzahürüdür” - Deputat

Prezident İlham Əliyev 2020-ci il 14 aprel tarixində “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən 2 min nəfər sosial xidmət işçisinin aylıq vəzifə maaşının bir misli miqdarında əlavə müəyyən edilib. 

Yeni sərəncam xüsusi karantin rejimi dövründə vətəndaşlara sosial xidmətlərin səmərəli təşkilinə xidmət edən şəxslərə, sosial xidmət işçilərinin əməyinə verilən yüksək dəyərin ifadəsidir. Sərəncam Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon (şəhər) şöbələrindəki 1400 və Fondun tabeliyindəki sosial xidmət müəssisələrində çalışan 600 nəfəri, ümumilikdə, isə 2 min sosial xidmət işçisini əhatə edir.
 
Sərəncamla bağlı "Sherg.az"a danışan millət vəkili, iqtisad elmləri doktoru Rüfət Quliyev sənədin əhəmiyyətini yüksək qiymətləndirib:

"Əlbəttə, bu, vətəndaşlara qayğının təzahürüdür. Təbii ki, koronavirus pandemiyası bir çoxları üçün çətinlik yaradıb. Bu mənada sərəncamın müsbət effekt verəcəyini və insanların sosial rifahını kifayət qədər yaxşılaşdıracağını düşünürəm”.