“Ermənilərin “seçki oyunu” siyasi təxribatın tərkib hissəsidir”

Hikmət Babaoğlu: “Ona görə də status-kvonu legitimləşdirmək cəhdi əsla baş tutmayacaq"


2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda Prezident İlham Əliyev martın 31-də Azərbaycanın işğal altında olan ərazilərində keçirilən  qondarma “seçkilər”ə xüsusi diqqət ayırıb. Ölkə başçısının sözlərinə görə, qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident”in qondarma “seçkiləri” Ermənistanın mövqeyinə növbəti böyük zərbə oldu:

“Həmnin “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır. “Seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndi. ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, Avropa Parlamenti, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası - bütün bu təşkilatlar “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.
Qeyd edək ki, beynəlxalq ictimaiyyətin qınağına rəğmən erməni separatçıları Azərbaycanın işğal edilmiş ərazilərində  qondarma seçkilərin ikinci turuna da cəhd edib.  



Məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən millət vəkili Hikmət Babaoğlunun sözlərinə görə, rəsmi Bakı  işğal edilmiş ərazilərimizdə baş verən qeyri-qanuni hərəkətləri izləyir və müvafiq operativ reaksiyalar verir:

 “ Doğrudur bu hələlik yalnız diplomatik və siyasi müstəvidə baş tutur . Ancaq işğalçı Ermənistan və qondarma rejim əmin olsun ki , problemin hərbi-siyasi müstəvidə birdəfəlik həll olunacağı gün də  uzaqda deyil. Ona görə də “seçki şouları” ilə işğal faktını ört-basdır etmək niyyəti baş tutmayacaq. Artıq qondarma rejimin “seçki oyunu” mart ayının 31-dən dərhal sonra bütün beynəlxalq qurumlar və dünya siyasətini  müəyyənləşdirən ölkələr tərəfindən pisləndi.  Bu bir daha Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin  beynəlxalq təşkilatlar tərəfindən  dəstəklənməsi və işğalçılıq siyasətinin qəbul edilməməsi kimi qiymətləndirilməlidir.  Bu isə ölkəmizin beynəlxalq münasibətlər sistemindəki nüfuzundan , dövlətlərarası münasibətlərdə qarşılıqlı maraqlara söykənən  diplomatik strateji əlaqələr qurma bacarığından xəbər verir .Ona görə də işğalçı Ermənistan və qondarma rejim “seçki şousu” yaratmaqdansa işğal etdikləri ərazilərimizdən çıxmaq barədə düşünsələr, daha yaxşı olar . Onsuz da Azərbaycan öz hərbi-siyasi gücüylə Ermənistanı buna mütləq məcbur edəcək” .

Separatçıların   uydurma ikinci mərhələ adı ilə yenidən “seçki” oyununu təkrarladığına toxunan deputat hesab edir ki,  bu hadisə vahid siyasi təxribatın tərkib hissəsi olduğu üçün qondarma 31 mart seçkilərinə verilən qiymət  avtomatik olaraq onun davamına da şamil edilir: 

“Ona görə də status-kvonu legitimləşdirmək cəhdi əsla baş tutmayacaq . Tam əksinə bu cür təxribatlar siyasi prosesləri sürətləndirməklə Azərbaycanın öz torpaqlarını işğaldan azad edilməsi ilə nəticələnəcək”.