“Azərbaycan bu vəziyyətdən öz gücünə söykənərək çıxacaq” – AKTUAL

“Prioritet olmayan sahələrdə layihələr təxirə salınacaq, lakin sosial sahələrdəki proqramlar davamlı olacaq”



Koronavirus pandemiyasının təsir etmədiyi ölkə qalmayıb. Dünya dövlətləri virusla mübarizədə çətinlik çəkdiklərini özləri də etiraf edirlər. Hətta inkişaf etmiş dövlətlərin demək olar ki, hamısının iqtisadiyyatı iflic vəziyyətə düşüb. 30 illik inkişaf proqnozu verən nüfuzlu iqtisadi institutlar belə 1 ay sonrası üçün söz deməyə çətinlik çəkirlər. Bu baxımdan acı reallığı dərk edən bir çox ölkə ağır iqtisadi böhrandan çıxmaq üçün dünyanın maliyyə qurumlarına müraciət edərək böyük məbləğdə vəsait istəyiblər.

Çünki indiki şəraitdə hər bir ölkə öz daxili resurslarına arxalana bilmir. Lakin xeyli müddətdir pandemiya ilə hərtərəfli mübarizə aparan Azərbaycan yeganə dövlətdir ki, indiyə qədər heç bir maliyyə təşkilatına yardım üçün müraciət ünvanlamayıb. Heç şübhəsiz, bundan sonra da hər hansı quruma üz tutmayacağıq. Bu mühüm məqam dünən dövlət başçısı İlham Əliyev tərəfindən vurğulanıb. Prezidenti İlham Əliyev aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə çıxışında deyib ki, dünya birliyinin mütləq əksəriyyəti yardım üçün müraciət edib, Azərbaycanın adı bu siyahıda yoxdur: “Pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsiri qaçılmazdır. Artıq aparıcı beynəlxalq maliyyə qurumları qeyd edir ki, bu pandemiyadan yarana biləcək və yaranmaqda olan böhran 2008-2009-cu ilin böhranından daha da ağır olacaq. Bunu Beynəlxalq Valyuta Fondunun rəhbərliyi də bildirib. Eyni zamanda, biz bilirik ki, Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkə yardım üçün müraciət etmişdir. Yəni, dünya birliyinin mütləq əksəriyyəti artıq yardıma ehtiyac duyur və buna görə müraciət edibdir. Azərbaycanın adı bu siyahıda yoxdur. Hesab edirəm ki, bu vəziyyətdən şərəflə çıxmağımız, - mən buna əminəm, - bir daha göstərəcək ki, bizim bütün addımlarımız düşünülmüş addımlardır və xalqımızın, dövlətimizin maraqlarına uyğun şəkildə atılan addımlardır”.




Ölkə rəhbərinin diqqət çəkdiyi məqamı “Sherg.az”a dəyərləndirən millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib ki, pandemiyanın yaratmış olduğu situasiya dünya iqtisadiyyatına ciddi və ağır zərbələr vurmaqdadır. Deputatın sözlərinə görə, verilən proqnozlar bu durumun davam edəcəyini göstərir: 

“Ona görə də ayrı-ayrı ölkələr həm Beynəlxalq Valyuta Fonduna, həm də müxtəlif maliyyə koorparasiyalarına müraciət edirlər ki, ölkələrini ağır durumdan çıxara bilsinlər. Azərbaycanın isə buna ehtiyacı yoxdur. Çünki Azərbaycanın kifayət qədər maliyyə ehtiyatları var. Xüsusilə qeyd etmək istərdim ki, həyata keçirilmiş uğurlu neft strategiyası ölkəmizdə əhəmiyyətli dərəcədə valyuta ehtiyatları yaradıb. Vaxtı ilə bununla bağlı atılmış addımlar Azərbaycanı istəməyən qüvvələr, xüsusən ölkəmizdəki radikal, dağıdıcı və avantürist xarakterli insanlar tərəfindən top-tüfənglə qarşılanırdı. Deyirdilər ki, Neft Fondu əhalinin müxtəlif istiqamətlərindəki problemlərinə yönəldilməlidir və s. Biz indiki situasiyada, pandemiyanın meydana çıxartdığı ağır bir durumda nə dərəcədə uzaqgörən bir siyasətin həyata keçirilməsinin şahidi olduq. Azərbaycanın kifayət qədər maliyyə ehtiyatları var. Yaranmış bu vəziyyətdən cənab Prezidentin də vurğuladığı kimi özümüzə arxayın olaraq, öz imkanlarımıza söykənərək çıxacağıq”. 

F.Ağamalı qeyd edib ki, başladılan islahatlar davamlı olacaq və ölkənin sosial-iqtisadi inkişafı müəyyən olunmuş tempə uyğun davam etdiriləcək: 

“Təsadüfi deyil ki, ölkə Prezidenti bununla bağlı gəlir gətirən yeni mənbələrin araşdırılması, üzə çıxarılması və onların hərəkətə gətirilməsi ilə bağlı hökumətə konkret tapşırıqlar verdi. Dövlət başçısı prioritet olmayan sahələrdə layihələrin təxirə salınması, lakin sosial sahələrdə layihələrin davamlı olacağını bəyan etdi. Məcburi köçkünlərə və şəhid ailələrinə veriləcək mənzillərin tikintisi ilə bağlı hər hansı problem olmayacağını dilə gətirdi. Azərbaycan bir maliyyə qurumuna müraciət etmədən, öz daxili imkanları hesabına problemləri həll etmək iqtidarındadır. Bu, Ulu Öndərimiz tərəfindən qurulmuş olan güclü bir dövlətin, eyni zamanda cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin konkret ifadəsidir. Düşünürəm ki, bu, həm də bütün dünya ölkələrinə bir nümunədir”.