Maşının yük yerində gizlənənlərə: “Bu igidlik yox, məsuliyyətsizlikdir”

 “Maarifləndirmə ilə problemi həll etmək olmursa, cəzalar tətbiq edilməlidir"


Balakən rayonunda xüsusi karantin qaydalarını pozaraq avtomobilin yük yerində rayon ərazisinə icazəsi olmadan dostunu gətirən sürücü və həmin şəxs tutulub. 

 Profilaktik tədbirlər zamanı Şəki şəhər sakini Anar Sadıqovun idarə etdiyi “Toyota” markalı avtomobil saxlanılıb. Həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı müvafiq icazəsi olmadan karantin qaydalarını pozaraq gizli şəkildə Balakənə gəlmək istəyən Şəki şəhər sakini Bəhlul Yusibov müəyyən edilərək saxlanılıb.
Hər iki şəxs barəsində Balakən Rayon polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.
 Bəzilərinin qanunu pozmağa bu qədər meyilli olması insanı təəccübləndirir. Yaxşı, tutaq ki, qanundan qorxmur, cərimədən çəkinmirlər. Sağlamlıqlarını da düşünmürlərmi?! 



Məsələ ilə bağlı "Sherg.az"a danışan sosioloq Əhməd Qəşəmoğlu deyib ki, bu, artıq ənənəyə çevrilib: 

"İnsanlar elə bilirlər ki, belə əməllər törətməklə igidlik edirlər. Belə əməllərə görə heç kimə  "A kişi, sən qəhrəmansan deməzlər. Əlbəttə, bu cür hadisələrə təsir edən ən ciddi amil məsuliyyətsizlikdir. Görünür,  valideynlər, orta məktəblər sözügedən məqama etinasız yanaşırlar. Yaponlar isə uşaqlarına məsuliyyət hissini üç yaşından aşılayırlar". 

 Ə.Qəşəmoğlunun sözlərinə görə, günahkar həmin şəxs və sürücüdür:

“İnsanlar qanun pozuntusuna adi hal kimi yanaşmamalıdırlar. Elə bilirlər, rüşvətlə, pul verməklə istədiklərini etmək mümkündür Ona görə də hüquq- mühafizə işçiləri də ciddi olmalıdırlar. Ümumiyyətlə, əgər maarifləndirmə ilə problemi həll etmək olmursa, inzibati tədbirlər görülməli, cəzalar tətbiq edilməlidir".