Xalq artistindən qızıl sözlər: “...Qazanırlar, amma ürəkləri gəlib bölüşmürlər” 

Koronavirus infeksiyası ölkəmizdə, eləcə də dünyada təhlükə mənbəyi olaraq qalır. Mübarizə məqsədilə ciddi şəkildə tədbirlər həyata keçirilir. Prezidentin sərəncamına əsasən işsizlər müəyyən məbləğdə yardımla təmin edildi. Dövlətlə bərabər ölkənin imkanlı sıravi vətəndaşları da kasıb ailələrə köməklik göstərərək həmrəylik nümayiş etdirirlər. Tanınmış sənətkarlar həm mənəvi, həm də maddi cəhətdən millətimizin  yanında olmağa çalışırlar. Onlar sənətləri ilə “Evdə qal!” kampaniyasına dəstək layihələrinə qoşulurlar. Xalqın evdə karantin günlərini xoş əhval- ruhiyyə ilə keçirməsini təmin etmək  üçün əllərindən gələni edirlər. Bununla yanaşı, müxtəlif media qurumlarından, verilişlərdən xalqa səslənərək onları maarifləndirməyə çalışırlar.

Biz də "Sherg.az" olaraq tanınmış sənətkarların məsləhətlərini, tövsiyələrini  işıqlandırmağa davam edirik. Bu dəfə isə sevilən müğənni, xalq artisti Nəzakət Teymurova ilə əlaqə saxlayaraq karantin günlərini necə keçirdiyini öyrəndik:


"Evdə oturmuşuq. Ailəmlə, bacılarımla bir yerdəyik.  Dövlətimiz necə məsləhət görübsə, elə də olmalıdır. Yoluxmamağımız  üçün gözəl qərarlar verilib. Camaat da əməl etsə, virusun öhdəsindən tez gələ bilərik."

Sənətkar qayda pozuntularına yol verən vətəndaşlardan da danışdı:

" Ümumi şəkildə günahlandırmaq olmaz. Elə insanlar var ki, gündəlik çörək pulu üçün evdən çıxırlar. Onları da  başa düşmək lazımdır.  Ailəni də dolandırmalıdır. Bilmirəm qarışıq məsələdir. "

Rəsmi “Instagram” səhifəsində canlı yayımlar açaraq “Evdə qal!” kampaniyasını dəstəklədiyini söyləyən  xalq artisti   imkansız ailələrə kömək edən məşhurların müzakirə olunması məsələsini də dəyərləndirdi :

Ondan əlavə yardımlarım da olur. ATV-də baxsanız görə bilərsiniz.  Paylaşmağın özü gözəl fikirdir. Bugünkü gündə, “Əl tutmaq Əlidən qalıb” deyirlər. Paylaşmağın özü çox gözəl fikirdir.
 Bir də var ki insanlar qazanırlar, amma ürəkləri gəlib kiminləsə bölüşmürlər. Onlarmı yaxşıdır?  Onları da müzakirə etsinlər. İndiki durumda paylaşmaq çox gözəldir.

Karantin qurtardıqdan sonra ilk işiniz nə olacaq? sualına gəlincə isə N.Teymurova konsertlərinin, səfərlərinin çox olduğunu vurğuladı: 

 Milli konservatoriya və kollecdə dərs keçirəm. Tələbələrim və müəllim kollektivi üçün çox darıxmışam. İşlərim o qədər çoxdur ki, karantin qurtarsın görək hardan başlayacam. Konsertlərimiz, səs yazmalarımız  olmalıdı. Bilmirəm ki,  hansından başlayacam. Allah güc versin, hər birini həyata keçirməliyik”.