İmkanlı şəxslərə çağırış: “Ehtiyaclı ailələr sosial müdafiəsiz qalmamalıdır!”

“Prezident İlham Əliyevin videokonfrans şəklində keçirilən müşavirədə vurğuladığı üç məqam diqqətimi çəkdi”.

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Razi Nurullayev deyib. 

Deputat bildirib ki, birinci məqam dövlət başçısının xoşagəlməz hallara qarşı ciddi mübarizə ilə bağlı verdiyi mesajdır: 

“Prezident tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır. Ölkə rəhbəri deyir ki, əgər kimsə bundan ibrət götürməsə, günah onun özündə olacaq, yəni cəzalandırılacaq. Dövlət başçısının bu fikrini tam dəstəkləyirəm. Məsələ burasındadır ki, hələ də vəzifəsinə qazanc mənbəyi və dövlətin ayırdığı büdcə vəsaitlərinə ailə büdcəsi kimi yanaşan vəzifəli şəxslər var. Mənə çox ciddi siqnallar daxil olub və bunu yaxın zamanlarda parlament tribunasından səsləndirəcəyəm. Adları açıqlayacam və cənab Prezidentə müraciət edəcəm”.



Parlament üzvü Prezidentin ehtiyac sahibi insanlara kömək edənlərə təşəkkür etməsinə də münasibət bildirib: 

“Bu mesajın tirajlanması çox yaxşıdır. Yüz minlərlə ehtiyaclı insanlar var ki, müxtəlif səbəblərdən dövlətin ayırdığı vəsaitlərdən pay ala bilmirlər. Yüz minlərlə insanın adına torpaq sahələri, maşınlar, digər əmlak növləri var ki, onlar nə o əmlak növlərindən istifadə edə bilir, nə də onlardan azad ola bilirlər. Torpağın addan çıxarılması da vəsait, zaman və müxtəlif sənəd işlərini həll etməkdən keçir. Bunun üçün iş adamları, imkanlı şəxslər dövlət başçısının çağırışına qoşulmalı və ehtiyaclı ailələri sosial müdafiəsiz qoymamalıdır”. 

R.Nurullayev diqqətini çəkən başqa məqama da toxunub: 

 “Dövlət başçısı İlham Əliyevin dünən videokonfrans şəklində keçirilən müşavirədə dediyi vacib məqamlardan biri də müxalifətin Parlamentdə çıxışlarının müsbət hal olması ilə bağlı dedikləridir. Ölkə başçısı deyir ki, “...müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır”. Cənab Prezidentin bu fikirlərini alqışlayıram və inanıram ki, bu münasibət ölkəmizdə siyasi plüralizmə söykənən və fərqli fikirlərin cəmiyyətin inkişafında əsaslı rol oynamasına, o cümlədən xalqımızın daha firavan yaşamasına şərait yaradacaq”. 

Millət vəkilinin fikrincə, sağlam və sivil siyasi müxalifətin məqsədi ölkə başçısının dediyi kimi dövlətçilik, müstəqillik, rifah və inkişafdır: 

“Biz deyirdik ki, siyasi mübarizəni parlamentə daşıyaq, tribunadan istifadə edib sivil mübarizə aparaq, fərqli söz və fikirlərimizi cəmiyyətə, hökumətə, dövlət başçısına çatdıraq. Biz bunu bacardıq və xalqın sözünü tribunadan deyirik. Buna görə bizi asan və kəsən yoxdur, mənə təzyiq və müqavimət yoxdur. Sözüm kəsilmir. Bəli, biz istəyirdik ki, küçələrdən, çayxanalardan, gizli künc-bucaqlardan çıxıb sivillləşək, mədəniləşək, dövlətləşək və müxalifətlə-iqtidar arasında körpü yaradaq. Körpü artıq salınıb. Münasibətlər bəllidir. Parlamentdə müxalifət də söz sahibidir, hakim partiyanın demədiklərini deyirik. İqtidar da eşidir, dinləyir və tədbir görür. Cənab Prezident də bunu vurğuladı. Siyasət budur. Təəssüf ki, yeni salınan körpüdən keçməyə dəvət olunan bəzi müxaliflər bundan imtina edirlər. Xalqını düşünən, milləti üçün gözünü kor etmək istəyən zəhər olsa belə içməlidir”.