Dağlıq Qarabağdakı saxta "seçki”lər cinayətkar rejimin özü kimi qondarmadır

Elçin Əhmədov: “Dünya birliyi təcavüzkarın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməlidir”


“Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan təcavüzə məruz qalaraq məcburən köçkün düşmüş 80 mindən çox azərbaycanlının öz doğma torpaqlarına qayıtmasından sonra Azərbaycan qanunları əsasında keçirilə bilər”. 

Bunu “Sherg.az”a Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov deyib. 

Ekspert bildirib ki, artıq neçənci dəfədir ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimdə qondarma seçkilər keçirilir: 

“Bu “seçkilər”in keçirilməsi Konstitusiyamızın, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan nəzarətində olan və tanınmamış qanunsuz rejim həmin bölgədə azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında yaradılmış cinayətkar qurumdur. Məhz buna görə beynəlxalq təşkilatlar və dünya ölkələri də Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədi ilə Dağlıq Qarabağda əvvəllər keçirdiyi bu cür qondarma “seçkilər”i heç vaxt tanımayıb. Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bildirdi ki, Ermənistan təbliğatına və ümumiyyətlə, münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vuruldu. Sonuncu, qondarma “prezident və parlament seçkilər"inin keçirməsi isə münaqişənin nizama salınmasında 28 ildir vasitəçilik edən ATƏT-in Minsk qrupu daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlar və dövlətlər tətəfindən qanunazidd hərəkət kimi qiymətləndirilmiş və tanınmayıb. Dövlət başçısı diqqətə çatdırdı ki, bütün bu təşkilatlar bu “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Buna baxmayaraq, Ermənistan danışıqlarda Dağlıq Qarabağı “müstəqil” tərəf kimi iştirakını təmin etməyə çalışır. Amma 2016-cı ilin aprel döyüşləri onu da sübut etdi ki, işğal olunmuş Azərbaycan ərazisində qondarma və cinayətkar rejimin yaratdığı qurum mifdir. Dördgünlük müharibədə qarşı tərəfin itkiləri arasında bir nəfər də olsun Dağlıq Qarabağ ermənisi yox idi. Çünki “Dağlıq Qarabağ” ordusu mövcud deyil. Orada yalnız Ermənistan silahlı qüvvələri var və torpaqlarımızın 20 faizi bu ölkə tərəfindən işğal olunub”. 

Professor bildirib ki, Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq Azərbaycan ərazilərini işğal edib: 

“28 il əvvəl Xocalı soyqırımını törətmiş, tarixən Dağlıq Qarabağda və ətraf yeddi rayonda yaşamış azərbaycanlılar öz doğma yurdlarından məcburən köçkün düşüb. Ermənistanın Azərbaycana qarşı açıq-aşkar hərbi təcavüzü beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Bu baxımdan, Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması – başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir. Bununla yanaşı, 30 ildən artıqdır ki, beynəlxalq hüququn bütün fundamental prinsilərini kobud şəkildə pozan Ermənistan ərazi ələ keçirmək məqsədilə başladığı təcavüz üçün daşıdığı məsuliyyətdən qaçmağa can atır. Eləcə də qanunsuz fəaliyyətlərlə cinayətkar rejimin guya “tanınması” görüntüsü yaradaraq Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi bütün vasitələrlə dünyaya və Azərbaycana qəbul etdirməyə çalışır. Bu cür "seçkilər”in də keçirilməsinin də əsil mahiyyəti məhz ondan ibarətdir”. 

E.Əhmədov qeyd edib ki, Dağlıq Qarabağ bölgəsinin erməniləri isə digər ölkələrdə yaşayan ermənilər kimi Azərbaycanda yaşayan milli azlıqlardan biridirlər: 

“Beynəlxalq hüququn normalarına görə milli azlıqlar öz müqəddəratlarını təyin edə bilərlər. Lakin bu, müstəqillik formasında ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə hüquqları yoxdur. Eyni zamanda, xalqların öz müqəddəratını təyinetmə məsələsi beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipini pozmamalı, bu prinsiplə ziddiyyət təşkil etməməlidir. Bu baxımdan, ermənilərin öz müqəddəratını təyinetmə hüququnu bəhanə etməsi beynəlxalq hüquq normalarının, ATƏT-in Helsinki prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Bundan əlavə, münaqişənin nizama salınması üçün aparılan danışıqlarda Ermənistan tərəfindən yaradılan və hazırda onun nəzarətində olan Dağlıq Qarabağdakı cinayətkar və qondarma qurumun tərəf kimi iştirakının təmin olunmasını istəyir. Ancaq bu tələb də əsassızdır və beynəlxalq hüququn prinsiplərinə uyğun deyil”. 

Siyasi elmlər doktorunun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir: 

“Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında, eləcə də oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı Ermənistan baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi. Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri dünyaya çatdırmalı olduğumuzu, vurğulayaraq bildirdi ki, tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Azərbaycanın arqumentlərə qarşı Ermənistan tərəfinin heç bir ciddi arqument qoya bilmədiyini, ancaq yalan, böhtan, tarixi saxtakarlıq və mifologiyaya əsaslandığını bildirən dövlət başçısı qeyd etdi. Bu, əslində, onların xislətidir və onlar geniş şəbəkə çərçivəsində bəzi siyasətçiləri satın alırlar, bu da heç kimə sirr deyil. Bununla yanaşı, dövlət başçısı İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti ilə heç vaxt barışmayacağını və torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini vurğuladı”. 

E. Əhmədov vurğulayıb ki, beynəlxalq birlik təcavüzkarı öz adı ilə çağırmalı, məcburi köçkün düşmüş azərbaycanlıların hüquqlarının bərpa olunmasına çalışmalıdır: 

“Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də dünya birliyi müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarını pisləməli, onun qarşısını almalıdır. Eyni zamanda, münaqişənin sülh yolu ilə həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında təcavüzkar sülhə məcbur edilməli və açıq-aşkar anneksiya siyasəti yürütdüyünə görə Ermənistana sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir”.