Karantin rejimi : “Məqsəd əhalini təhlükədən sığortalamaqdır”

Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda bildirib ki, koronavirus pandemiyasının nə vaxt qurtaracağını heç kim bilmir, heç kim proqnoz verə bilmir. Dövlət başçısının sözlərinə görə, biz sadəcə olaraq, ölkə daxilində vəziyyəti tam nəzarətdə saxlamalıyıq, geniş monitorinq aparmalıyıq və aparırıq:

“Eyni zamanda, dünyada gedən prosesləri də yaxından müşahidə edərək öz addımlarımızı elə ataq və tam əmin olaq ki, bu koronavirus pandemiyası artıq təhlükə törətmir. Hesab edirəm ki, ancaq ondan sonra müəyyən dərəcədə yumşalma addımlarının atılması mümkündür”. Ölkə rəhbəri qeyd edib ki, hələ ki, demək tezdir, amma son günlərin rəqəmləri ümidvericidir: “Ümid etmək istəyirəm ki, bu müsbət dinamika, yəni, xəstələrin sayı ilə bağlı müsbət dinamika bundan sonra da davam edəcək. Ancaq yenə də deyirəm, biz addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq”.



Dövlət başçısının toxunduğu məqamı “Sherg.az”a dəyərləndirən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib ki, karantin rejimi pandemiya təhlükəsi olan bütün ölkələrdə tətbiq olunur. 
Ekspertin sözlərinə görə, bəzi ölkələrdə daha sərt karantin rejimi var: 

“Bütün bunların bir səbəbi var ki, ölkə əhalisi mövcud təhlükədən mümkün qədər sığortalansın və virusa yoluxma halları az olsun. Son günlərin göstəriciləri də onu deməyə əsas verir ki, tədricən bu bəlanı arxada qoyacağıq. Karantinin rejiminin də sona çatma müddəti ölkədəki vəziyyətlə, yoluxanların statistikası ilə bağlı olacaq. Yəni dövlət başçısının da dediyi kimi bəri başdan bunu proqnozlaşdırmaq çox çətindir. Görünən odur ki, ən azı may ayının ortasına qədər karantin rejimi tətbiq olunacaq və müəyyən qadağalar gündəmdə qalacaq”.